Beş oyundur qələbəyə həsrət olan “Sumqayıt”da “Qarabağ” darmadağını (0:5) komandanı qarışdırıb. Belə ki, baş məşqçi Samir Abasov görüşün fasiləsində Elvin Bədəlovu əvəzləməyə qərar verib. Ancaq bu qərar oyunçunu özündən çıxarıb. O, Abasovun bu qərarına sərt reaksiya verib.
Meydandan çıxmaq istəməyən Bədəlov komandanın oyununu və heyətə cəlb edilən legionerləri tənqid edib. O, baş məşqçiyə qışqıraraq “Bu nə komandadır, bu legionerləri hardan almısınız?” deyə etiraz edib. Meydandan çıxmaq istəməyən futbolçunu komanda yoldaşları güc-bəla ilə sakitləşdirib.
Ümumiyyətlə, “Sumqayıt”dakı nizam-intizamsızlıq biabırçı vəziyyət alıb. Məşqçilərin hər oyun qovulması, özünü apara bilməməsi artıq futbolçulara da təsir edir. Bütün problemlərin əsas gühankarı isə klub rəhbəri Riad Rəfiyevdir. Uğursuz, qətiyyətsiz idarəçilik “Sumqayıt”da əsl xaos yaradıb. Rəfiyevin sözünün keçməməsi, vəzifəsinin öhdəsindən gələ bilməməsi illərdir Sumqayıt futbolunun geri getməsinə əsas səbəbdir. Əgər bir klubda məşqçilər heyəti kənarda özünü apara bilmirsə, oyunçu baş məşqçiyə qışqırıb rəhbərliyi tənqid edirsə bu, birbaşa rəhbərin sözünü keçməməsini, idarəçiliyinin zəif olmasını göstərir.
Məsələ ilə bağlı “Suqmayıt” klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. O, baş məşqçi ilə oyunçu arasında yaşanan gərginliyə belə münasibət bildirdi:
“Elə bir şey olmayıb. Oyunun fasiləsində də, oyundan sonra da mən özüm aşağıda idim. Heç bir narazılıq, söz-söhbət yox idi. Hətta gözlədiyimizin əksinə olaraq Samir müəllim çox sakit idi, uşaqlarla normal danışdı, “unudun bu oyunu, “Kəpəz” görüşünə köklənək” deyirdi . Tam məsuliyyətlə deyə bilərəm ki, heç bir gərginlik olmayıb”.

