18 Oktyabr 2024
Ölkə futbolu

“Azərbaycanda oynamaq, nəticə qazanmaq asan deyil” – “Kəpəz”in legioneri

“Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriges İdmanxeber.az saytına müsahibə verib. 

– Azərbaycan Kubokunda “Sabah”a məğlub oldunuz. Oyunu necə şərh edirsən?

Məncə, komanda çox yaxşı oynadı. Sona qədər mübarizə apardıq, asan təslim olmadıq. Nəticəni fikirləşirdik. Hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, alınmadı. Künc zərbəsi zamanı qapımızda qol gördük. Artıq bu oyun geridə qaldı. Növbəti görüşlərə köklənməyə çalışacağıq. 

– Yaxın vaxtda çempionat oyununda “Sabah”dan iki, kubok görüşündə isə 4 qol buraxdınız. Səncə, günahkar özünsən, yoxsa müdafiə zəifdi?

Bu qədər qol buraxmaq mənim üçün də xoş deyil. Belə olmasını istəmərik. Ancaq bunlar mənə çox da pis təsir etmir. “Sabah”ın vurduğu qollarda kimdəsə səhv tapa bilmirəm. Belə şeylərə köklənmək olmaz. Məşqlərdə əvvəl necə idimsə, yenə eyni qaydada çalışmağa davam edirəm. Biz komanda şəklində mübarizə aparmalıyıq. Udanda da, uduzanda da.

– Baş məşqçidən sonra komanda fərqli çıxış etməyə başlayıb…

 Məncə, dəyişiklik həmişə fərqli dinamikalar yaradır. Son vaxtlar qazandığımız yaxşı nəticələr komandada özünəinamı artırıb. Bundan sonra da belə davam etməliyik. Əvvəlcən də məqsədimiz Premyer Liqada qalmaq idi. İndi də dəyişən bir şey yoxdur. Əsas məqsədimiz budur. Buna nail olmaq üçün hər şeyi etməliyik.

– Portuqaliyanın bir neçə komandasında çıxış etmisən. Azərbaycan çempionatı ilə fərq böyükdür, eləmi?

Bəli, bəzi fərqlər var. Amma mənim üçün əsas səviyyədir, taktiki hazırlıqdır. Azərbaycan liqası çox rəqabətlidir. Hamı hər kəsi məğlub edə bilir. Burada oynamaq, nəticə qazanmaq qətiyyən asan deyil. Mən burada oynamağı çox sevirəm, çünki özümü Azərbaycanda yaxşı hiss edirəm.

– Gəncədə yaşamağın sənin üçün hansı çətinlikləri var?

Heç bir çətinliyi yoxdur. Gəncədə yaşamağı xoşlayıram. İnsanlar fantastikdir və məni çox yaxşı qarşıladılar. Yavaş-yavaş şəhəri gəzirəm, yaxşı yerləri tanıyıram. Gəncəyə uyğunlaşmaqda çətinlik çəkmədim.

– Səncə, “Kəpəz”dən daha böyük klublara transfer ola biləcən?

Hazırda bu barədə düşünmürəm. Bütün diqqətimi “Kəpəz”in məqsədlərinə çatmasına kömək etməyə yönəltmişəm. Geridə qalan hər şey ikinci plandadır. Qarşımıza qoyulan bir hədəf var, onun öhdəsindən gəlməliyik. 

– “Qarabağ” Avropa Liqası pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşıb. Səncə, Azərbaycan təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansı var?

“Qarabağ” böyük komandadır. Əgər onlar Avropa Liqasında pley-offa yüksəliblərsə, buna layiq olduqları üçündür. “Braqa” ölkənin böyük klublarından biridir. Asan oyun olmayacaq. Bu səviyyədə kifayət qədər təcrübəli klubdur. İki görüş də çətin keçəcək. Bununla belə, “Qarabağ”ın “Braqa”nı keçmək şansı var.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43