16 Noyabr 2024
Ölkə futbolu

“Premyer Liqada komanda sayının artması hazırda müzakirə mövzusu deyil”

Premyer Liqanın XX turu çərçivəsində dünən keçirilən “TuranTovuz” – “Səbail” matçını izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev də var idi. Oyundan sonra Hacıyev jurnalistlərin suallarını cavablandırıb

– Buraya gəlməyinizin hansı xüsusi bir səbəbi var?

– Xeyr, konkret özəl bir səbəb yoxdur. Bu mövsüm artıq 2-ci dəfədir “Turan Tovuz” oyununa gəlirik. Xüsusi bir səbəb yoxdur. Turun əsas oyunlarından biri idi.

 – Cari mövsümdə  Tovuz klubunun rəhbərliyi hakim idarəçiliyindən narazıdı.  Maraqlıdır, oyundan öncə rəhbərliklə bu mövzuda müzakirəniz oldu?

– Əlbəttə, müxtəlif oyunlarla bağlı məsələlər olanda müzakirələr aparılır. “Turan Tovuz”un bundan öncəki oyununda hakimliklə bağlı narazılıq müzakirə olunmuşdu. Həmin qarşılaşmadan sonra da Ehtiram müəllimlə danışmışdıq. Elə bu gün də, müəyyən söhbətimiz oldu. Əlbəttə ki, hakim səhvləri olanda, bu bizi məyus edir. Çalışmalıyıq ki, gələcəkdə bunun qarşısı alınsın.

– Bu mövsüm hakimlərdən narazıçılıq çoxdur. Sizin özünüzün bu məsələyə münasibətiniz necədir?

– Ümumi baxımdan qeyd etməliyəm ki, VAR sistemi bir çox hallarda özünü doğruldur. Əksər hallarda müəyyən qərarların düzgün istiqamətdə dəyişdiyini müşahidə edirik.

– Gəncə akademiyası ilə bağlı səfər planlaşdırılırdı. Son durum necədir?

– Məlum olduğu kimi, Gəncə həm baza ilə tanışlıq, həm də İcraiyyə Komitəsinin iclası planlaşdırılırdı. Məlum səbəbdən səfər təxirə salındı. Fevralın ilk günlərində bu səfər baş tuta bilər.

– Milli komandanın baş məşqçi postuna namizədlər kimlərdir?

– Bu məsələ ilə bağlı fürsət düşmüşkən demək istəyirəm ki, hazırda rəsmi olaraq AFFA tərəfindən heç bir mütəxəssisə təklif göndərilməyib. Bundan öncə də qeyd etdiyimiz kimi, İşçi Qrupu öz fəaliyyətini davam etdirir.

– İşçi qrupunda ümumiyyətlə, təqdimat olub? Hər hansısa bir ad…

– Xeyr, konkret ad çəkilməyib.

– Bildirmişdiniz ki, danışılmış oyunlarla bağlı araşdırmalar gedir. Bu araşdırmalar haqda ictimaiyyətə heç bir açıqlama verilmədi…

– Dekabrda bu haqda açıqlama vermişdim. Bu gün də araşdırma davam edir. Sırf bu mövsümlə bağlı. Lakin araşdırma tək AFFA tərəfindən aparılmır. Hazırda məqsədə uyğun olmadığı üçün heç bir açıqlama verilmir.

– Premyer Liqa klubları var onların arasında?

– Xeyr, Premyer Liqadan heç bir klub yoxdur. Söhbət aşağı liqalardan gedir.

– AFFA-da prezident seçkiləri barəsində nə deyə bilərsiniz?

– Prezident seçkiləri məlum olduğu kimi konfrans vaxtı keçiriləcək. Konfransın vaxtı isə İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək.

– Müxtəlif yaş qrupları üzrə yığmaların da sükanı boşdur…

– Hazırda İcraiyyə Komitəsinin iclası keçirilmədiyinə görə, belə qərara alındı ki, müvəqqəti olaraq, daxili əmrlə müəyyən yaş qruplarında eyni tərkibdə məşqçilərin müqavilələri uzadılsın.

– Son günlər KİV-də növbəti mövsüm Premyer Liqada klubların sayının artacağı ilə bağlı söhbətlər dolaşılır..

– Artması hazırda müzakirə mövzusu deyil. İdman prinsipləri qorunacaq. Sonuncu yeri tutan çempionatı tərk edəcək. Bu məsələ İcraiyyə Komitəsinin səlahiyyətindədi.

– Legioner limiti ilə bağlı suallar var…

– Hazırda bununla bağlı konkret olaraq təklif gəlməyib. Lakin bu elə məsələdir ki, öncə Klublar Komitəsində müzakirə olunmalıdır.

– Növbəti mövsümdə klublara ayrılan maliyyə vəsaitində artım olacaq?

– Xeyr.

– Vergi Məcəlləsində edilən dəyişiklik, vergilərin 5 faizdən 20-dək artırılması klubların büdcəsinə çox pis təsir edir. Bu yöndə hansısa dotasiya olunacaq?

– Bəli, verginin artması klublara təsir edir. Ancaq bu AFFA-nın səlahiyyətində olan bir şey deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43