17 İyul 2026
Ölkə futbolu

“Vaxtında Qurban Qurbanova qulaq assaydım, hələ də “Qarabağ”da oynayırdım”

“Qarabağ”ın və millimizin sabiq futbolçusu Elvin Yunuszadə İdmanxeber.az saytına müsahibə verib. Təcrübəli oyunçu Ağdam təmsilçisinin “Braqa” zəfərindən və özünün karyerası barədə danışıb.

– “Qarabağ” Avropa Liqası pley-off mərhələsində “Braqa”nı məğlub etdi. Belə bir nəticə gözləyərdin?

“Qarabağ” möhtəşəm idi. Hamımız onların qələbəsi ilə fəxr etdik. Komanda hər baxımdan “Braqa”dan üstün idi. Motivasiya, oyuna köklənmək, taktiki, hər cəhətdən “Qarabağ” qalib gəldi. Amma hələ heç nə bitməyib. Evdəki oyun daha çətin olacaq. Çünki Bakıya fərqli “Braqa” gələcək. Artıq onlar da ayıldı. Bəlkə də “Qarabağ”ın nə edəcəyini bilmirdilər, amma indi anlayıblar. “Braqa” barədə çox danışmağa dəyməz. Səviyyələri bəllidir. Bakıdakı oyun çox çətin olacaq. 

– Kevin Medinanın zədəli olması və Rahil Məmmədovun komandadan ayrılmasının ardından müdafiəyə mövqeyinə ehtiyac yaransa da, transfer olmadı. Səncə, “Qarabağ”ın güclənməsinə gərək var idi?

“Braqa” oyununa baxanda ehtiyac olmadığı göründü. Yəni komandanın başından illərin təcrübəsi Qurban Qurbanov var. Adam bu işin ustasıdır. “Qarabağ”da transfer məsələsinə həssas yanaşılır. Xüsusilə də Qurban Qurbanov bu məsələdə hər şeyə diqqət yetirir. Futbolçunun performansı, xarakteri çox önəmlidir. Yaxşı futbolçu olsa belə, xarakter ön plandadır. Öz oynadığım dönəmdən bunu bilirəm. Medina zədəli olsa da, Rahil getsə də Maksim Medvedev o bölgədə rahatlıqla oynaya bilir. Yəqin bu səbəbdən yeni futbolçu götürülməyib.

– “Qarabağ”ın Çempionlar Liqasında çıxış etdiyi dönəmdə heyətdə olmusan. Səncə, “Köhlən atlar”da daha uzun müddət oynaya bilməzdin?

Bəli, “Qarabağ”dan ayrılanda Çempionlar Liqasında çıxış etdiyimiz mövsüm idi. Həmin il Premyer Liqada bütün oyunlarda forma geyinmişəm. ÇL-də də “Çelsi, “Roma”, “Atletiko” görüşlərində iştirak etdim. Vaxtında Qurban Qurbanova qulaq assaydım, hələ də “Qarabağ”da oynayırdım (gülür). Dinləmək, eşitmək lazım idi. Qurban hoca böyük məktəbdir. Oradakı gənclərin əlində yaxşı fürsət var. Həm həyat təcrübəsi baxımından, həm də karyera üçün Qurban müəllimlə işləmək çox önəmlidir. Dəfələrlə məni bazada saxlayırdı. Komanda bir gün qalırdısa, mən 3-4 gün burada olurdum. Mənə deyirdi ki, vaxt gələcək bunları başa düşəcən, amma gec olacaq. Hamısı mənim xeyrimə imiş… Keşkə daha çox saxlayardı. Bəlkə də Musa Qurbanlıdan daha çox, mənim üçün əlləşib-vuruşub. Futbol oynamağımı istəyirdi. Təəssüf ki, insan hər şeyi vaxtında başa düşmür. Əgər belə olsaydı, dünyada səhv edən olmazdı. Amma onu lazımınca dinləsəydim, hər şey fərqli olardı. 

– Qurban Qurbanovdan söz düşmüşkən, o, hər zaman ehtiyat skamyasında, mətbuat konfranslarında təmkinli, sakit görünür. Maraqlıdır, məşqlərdə, paltardəyişmə otağında necə olur. Göründüyü kimi sakitdir?

Qurban müəllim hisslərini çox üzə verən deyil. Hirsini də, sevincini də həmişə içinə atır. Hər şeyi özündə, dərin yaşayan adamdır. Heç vaxt bildirmir. Onunla çalışan hər kəs bilir ki, Qurban müəllim qışqıran, çox danışan biri deyil. Məşqçilərin 90 faizi belə olsa da, hoca fərqlidir. Lazım olan yerdə sözünü deyir, səni başa salır. Onun özünə məxsus bir zəhmi var. Bəzən bir baxışı yüz qışqırmağa dəyər. Bu, heyətdəki bütün futbolçulara aid olan məsələdir. Onun sərəncamında çıxış edən hər oyunçu bilir ki, Qurban müəllimin böyük zəhmi var. Təssəvvür edin ki, axşam gec yatıb məşqə gəlmisiniz. Adamın üzünə baxır ki, sanki neçədə yatdığından xəbərdardır. Ümumiyyətlə, hər şeydən xəbəri olur. Qurban müəllimdən nəsə gizlətmək mümkün deyil. Sanki bütün günü səni kameralarla izləyir. Bəzən bilib sənə heç nə deməz, amma yüz faiz xəbəri olur. Arada olurdu ki, gecəyə qədər hansısa restoranda oturub səhər məşqə gəlirdik. Öncə Qurban müəllim danışırdı, sonra hazırlığa başlayırdıq. Orada adamın üzünə baxanda içimiz-içimizi yeyirdik ki, yüz faiz axşam harda olduğumuzu bilib. Hoca çox fərqli adamdı.

– Hazırda klubsuzsan. Kosova komandası ilə anlaşdığın deyilirdi. Amma deyəsən, transfer baş tutmadı. Başqa təkliflərin var?

Bəli, alınmadı. 10 gün komanda ilə Antalyada toplanışda oldum. Təəssüf ki, viza problemi səbəbindən transferim baş tutmadı. Artıq Bakıya qayıdıram. Təklifləri dəyərləndirməyə çalışacam. Əsas odur ki, məşq eləmişəm, yaxşı formadayam. “Karvan”la da danışıqım olub, amma dəqiq bir şey yoxdur. Açığı, Premyer Liqada çıxış edə bilərəm. Düzdür, real təklifim yoxdur, amma formadayam. Özümü hazır hiss edirəm. Şans olsa, yararlanamağa çalışacam. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43