22 Oktyabr 2024
Ölkə futbolu

“Kəpəz” Şamaxıya yollana bilər – AFFA-dan açıqlama

Qəbələdən çıxarılan “Kəpəz” ev oyunlarını keçirmək üçün stadion axtarışındadı. Gəncə təmsilçisi rəqiblərini Tovuzda və ya Bakıda qəbul etməyi düşünür. Siyahıda Azərbaycan I Liqasında çıxış edən “Şamaxı”nın da stadionu var. “Sarı-göylər” şərtlər uyğun olarsa, ev oyunlarını Şamaxıda keçirə bilər.

“Kəpəz”in AFFA-nın balansında olan stadionda oynayıb-oynamayacağını dəqiqləşdirmək üçün federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı İdmanxeber.az saytına bunları dedi:

“Bəli, belə bir variant var. “Kəpəz” əvvəlcə ev oyunlarını “Liv Bona Dea Hospital”da oynamaq istəyirdi. Ancaq orada yüklənmə çox olur. “Araz Naxçıvan”ın, millinin oyunları və yığmanın məşqləri də orada keçiriləcək. Bu səbəbdən də Şamaxı variantı nəzərdən keçirilir. Amma bilirsiniz ki, Şamaxıda “Şamaxı” ilə yanaşı, “Ağsu Difai” də rəqiblərini qəbul edir. Yenə də belə bir variant var. Əgər təqvimi düzənləmək olsa, “Kəpəz” Şamaxıda çıxış edə bilər“.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43