30 İyun 2026
Ölkə futbolu

“Biz çox məzmunlu və baxımlı futbol sərgiləyirik” – “Şamaxı”nın futbolçusu

“Çox vacib qələbə qazandıq. Bu qalibiyyət nəticəsində liderliyi ələ keçirdik. Bu görüşün vacibliyini dərk edirdik. Hətta 2-3 matç öncəki görüşlərə belə bu qarşılaşmanın önəmi ilə hazırlaşırdıq. Çox şükür ki, baş məşqçimiz Ramiz Məmmədovun tapşırıqlarını yerinə yetirib, önəmli qələbə qazandıq”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan I Liqa təmsilçisi “Şamaxı”nın üzvü Səbayıl Bağırov “Qaradağ Lökbatan” qələbəsi (3:2) barədə danışarkən deyib.

O, bölgə təmsilçisinin daima müdafiə və baxımsız futbol sərgilədiyi iddialarına belə cavab verib:

“Deməzdim ki, oyunlarda vaxt aparırıq və ya baxımsız çıxış edirik. Bunu iddia edənlər yutubdan oyunlarımıza baxa bilərlər. Biz çox məzmunlu və baxımlı futbol sərgiləyirik. Elə bu görüşdə də geriyə düşməyimizə baxmayaraq, qələbə qazandıq. Meydançaların süni örtüklü olması bəzən oyunumuzu göstərməkdə çətinlik yaradır. Bu da başa düşüləndir. Bilərək vaxt aparmaqdan söhhbət gedə bilməz”.

Premyer Liqanın bir addımlığında olan “Şamaxı”nın futbolçusu iki çempionat arasında xeyli fərq olduğunu bildirib:

“Bu mövsüm I Liqanın səviyyəsi xeyli artıb. İdman prinsiplərinin qorunması buna ən böyük səbəbdir. Bir çox klub çempion olmaq üçün heyətini yaxşılaşdırdı, legionerlər gətirdi. 

Mən ikinci dövrədə “Turan Tovuz”dan “Şamaxı”ya keçdim. təklif gələndə burada görülən işləri nəzərə aldım. Klub I Liqada olsa da şərait, stadion Premyer Liqa səviyyəsindədir. Bu səbəbdən də Ramiz müəllimin təklifini dəyərləndirib, çempionluq yarışına mən də qoşuldum. Növbəti mövsüm “Şamaxı”da qalıb-qalmayacağım bəlli deyil. Burada çempion olub, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. Gələcək karyeram barədə bundan sonra danışarıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43