20 Sentyabr 2024
Ölkə futbolu

Azarkeşlərin təpkisinə İTV-dən cavab: “Yaranan problemi aradan qadırmaq mümkün olmadı”

Avropa çempionatının final görüşünün yayımı zamanı İTV telekanalında yaranan texniki problemə aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, matç zamanı şərhçi Tural Dadaşovun səsi görüntüdən öncə gəlməsi azarkeşlərin təpkisinə səbəb olub. Onlar sosial şəbəkələrdə kanal rəhbərliyinə etiraz ediblər.

Məsələ ilə bağlı İTV-nin idman departamentinin direktoru Kənan Hakimov sosial şəbəkə hesabında açıqlama yayıb:

“Final oyununun şərhində səslə görüntünün üst-üstə düşməməsi ilə əlaqədar yaranan problemə görə bu məsələdə məsuliyyət payı olan şəxs olaraq öz adımdan üzr istəyirəm. Futbol azarkeşi kimi televiziya qarşısında hansı hisslər keçirdiyinizi yaxşı başa düşürəm və haqlı tənqidləriniz qarşısında deyiləcək bir söz yoxdur. Oyundan öncə test zamanı hər şey normal olsa da, təəssüf ki, şərhin gedişatında vəziyyəti düzəltmək üçün dəfələrlə cəhd edilsə də, yaranan problemi aradan qaldırmaq mümkün olmadı.

Qeyd edim ki, UEFA bir müddət öncə yeni sistem üzərindən işləməyə başlayıb. Belə ki, şərhçinin səsi əvvəlki kimi peyk vasitəsilə deyil, internetlə göndərilir. Bu Avropa çempionatının gedişatında bir çox ölkələrin yayımçı telekanalları şərh zamanı eyni vəziyyətlə üzləşiblər və onlar da oyunun gedişatında mövcud problemi aradan qaldıra bilməyiblər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43