30 Sentyabr 2024
Ölkə futbolu

Hakimlərin dəyişməyən vərdişi – Qurbanov və Abbasov narazıdır

Azərbaycan futbolunda ən böyük problemlərdən biri də hakimliklə bağlıdır. Referilərin xüsusən oyunu tez-tez saxlamaları, VAR-da epizodların müzakirəsinin uzun olması hər dəfə geniş mübahisələrə yol açır. Hakimlərimizin oyun tempinə ayaq uydura bilməməsi və ya görüşün sürətli keçməsinə mane olması azarkeşlər üçün də qəbuledilməzdir. Dəfələrlə bu barədə danışılsa da, referilər öz üslubları ilə davam edir. Görünür hətta yeni komitə sədri də hələ bu problemin öhədinsən gələ bilməyib. 

Misli Premyer Liqasının VIII tur görüşlərinin ardından “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov hakimlərdən narazılıq ediblər. Hər iki mütəxəssis də referilərin idarəediciliyindən, oyunu tez-tez saxlamalarından şikayətlənib. Onlar matçlardan sonra keçirilən mətbuat konfransında bu barədə narazılıqlarını bildirib. 

Ayxan Abbasov: “Hakim VAR-a baxıb penalti verdi. Dediyinə görə, əllə oyun var idi. Tural Qurbanov ən perspektivli gənc hakimkərdəndir. Amma hakimlər oyunu təhlil etsinlər. Çox dayanmalar, sarı vərəqələr oldu. İtaliya, İspaniya çempionatına baxsınlar. Biz robot deyilik. Deyirlər yeni sədrin ən böyük tələbi baş məşqçilərin xətti keçməməsidir. Məncə, bu məsələyə bu qədər də ciddi yanaşmaq doğru deyil. Ümumi götürəndə, bu gün Tural Qurbanov oyunu pis idarə etdi”.

Qurban Qurbanov: Hər epizod dayanırdı. Bəlkə kənardan başqa cür görürdüm. Hakimə heç nəyi sübut edə bilmərik. Sonda oyunun tempi qalxdı. Epizodlar var idi, saxlaya bilərdi, saxlamadı. Oyunun tempini aşağı salırdılar, etirazımı bildirdim. O da sağolsun, durmadan sarı vərəqə verdi, qəhrəmanlıq göstərdi. Futbol emosional oyundur. Azarkeş futbola istirahətə gəlir. Biri məşqçinin, biri hakimin hərəkətinə baxır. Hərə bir şeydən ləzzət alır. Səsimizi çıxaran kimi yanımızdadırlar. Hamısının xətrini çox istəyirəm. Daha da böyüsünlər, yaxşı hakimlik etsinlər. Fərqi yoxdur, Qurban ya başqası. Bu cür epizodlara sarı, qırmızı verəcəksənsə, Qurban Qurbanov olaraq tərəfdarı deyiləm. Bizə qarşı sərt oynayırlar. Bəzən buraxmaq da olar, kompramisə getmək olar. İrad bildirdim. İnanın ki, epizod oldu qarşımda, cərimə zərbəsi var idi, biz etmişdik, amma vermədi. Daha da maraqlı oldu. Cəzamı verdi. Hakimlərə qarşı həmişə pozitiv olmuşam. Sadəcə istəyirəm ki, meydandakı oyun daha dinamik olsun. Biz Avropa futbolundan danışırıqsa, o sürətə dözmək istəyiriksə, burada oyun durmalı deyil. Daha da aktiv olmaq lazımdır. Görsək ki, çox futbolçuya xəsarət yetiriləsi epizoddur, heç nə demərəm. Bəzən məşqçilər emosiyalarını saxlaya bilmir”.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43