“Neftçi” keçən ilin yanvarında heyətinə qatdığı Alfa Konteni icarəyə verə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Syerra Leone milli komandasının şərəfini qoruyan futbolçu paytaxt klubunun çalışdırıcısı Samir Abasovun gələcək planlarına daxil deyil. Bu baxımdan da klub ona gələcək təklifləri gözdən keçirir.
Artıq 23 yaşlı sol cinah vingerinin ilk müştərisi də bəllidi. Bu, qış fasiləsinə 9-cu pillədə yollanan “Kəpəz”di. Gəncə təmsilçisi futbolçunu yaya kimi icarəyə götürmək istəyir. Kontenin aylıq əməkhaqqısı yüksək olduğundan bölgə təmsilçisi onun aylıq maaşının yarısını ödəyə biləcəyini qarşı tərəfə bildirib. Tərəflər arasında danışıqlar davam edir. Əgər Konte bu keçidə müsbət yanaşsa, “Neftçi” onu qərblilərə verməkdən imtina etməyəcək.
Qeyd edək ki, Konte “Neftçi”yə Bolqarıstan yüksək liqa təmsilçisi “Lokomotiv”dən (Plovdiv) gəlmişdi.
Tunar