Ardıcıl üçüncü mövsümdür ki, “Kəpəz” Premyer Liqada qalmağı bacarır. Ötən iki ildə olduğu kimi, bu dəfə də sponsorsuz və məhdud büdcə ilə çempionata başlayan Gəncə təmsilçisi mövsüm ərzindəki dirənişi və uğurlu nəticələri ilə elitadakı yerini qorudu.
Bu, sıradan bir statistik uğur deyil. Klub rəhbərliyinin mövcud imkanlara rəğmən ortaya qoyduğu əzm, düzgün idarəçilik və komanda daxilində yaradılan ruh yüksəkliyi bu nəticəyə zəmin yaratdı. Bölgə futbolunun simvolu sayılan “Kəpəz”in yüksək liqada qalması həm Gəncə azarkeşləri, həm də futbolun bölgədə yaşaması baxımından önəmli göstəricidir.
İndi isə qarşıda yeni bir mərhələ var. Klubun rəhbərliyində dəyişiklik baş verib və yeni komanda artıq fəaliyyətə başlayıb. Bu dəyişiklik “Kəpəz”ə yeni nəfəs və yeni yanaşma vəd edir. İstər idman nəticələri, istərsə də struktur baxımından komandanın daha irəli gedəcəyi gözlənilir. Bunun üçün isə zamana ehtiyac var. Lakin unudulmamalıdır ki, gəncəli fanatlar uzun müddətdir nəticəsizliyə səbr edir. Bu baxımdan da yeni rəhbərlik onlara həvalə olunan “Kəpəz”i daha yaxşı zirvələrə daşımalıdı. Bu məsələdə isə birlik mütləqdir.
Bizdə olan informasiyalara görə, yeni rəhbərlik artıq qollarını çırmalayıb və işə indidən start verib. Fan-klublarla, gəncəli futbol veteranları ilə görüş onların atdığı ilkin addımlardandı. Heç şübhəsiz ki, görüləcək işlər çoxdu və bunları üçün vaxt labüddü. Bu baxımdan da daha bir mövsüm gəncəli fanatlar klubun arxasında durmalı, hadisələrin gedişini diqqətnən izləməlidi.
“Kəpəz” azarkeşləri səbr etməklə yanaşı, həm də ümid edir. Onlar üçün bu komanda sadəcə bir klub deyil – şəhərin siması, futbolun xatirəsi və gələcəyə olan ümiddir. Yeni rəhbərlik bu etimadı doğrultmaq üçün yalnız kağız üzərində planlarla deyil, görünən və hiss edilən nəticələrlə çıxış etməlidir.
Klubun yeni heyətinin nəticələrinin uğurlu və ya uğursuz olacağını zaman göstərəcək. Ancaq bu keçid dövründə “Kəpəz”in inkişafı üçün tam dəstək mütləqdi. Yeni rəhbərlik və azarkeşlər arasında formalaşacaq birlik, bu inkişafın əsas şərti olacaq.
Tunar

