Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “İmişli”nin ev oyunlarını hansı şəhərdə keçəcəyi dəqiqləşib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Ağsu şəhərinə üz tutub. Məsələ burasındadı ki, İmişli təmsilçisinin AFFA-ya ev oyunlarını Bakıda keçirmək istəməsi ilə bağlı müraciəti qurumda müsbət qarşılanmayıb və onlara paytaxta gəlməyin doğru addım olmayacağı bildirilib.
Məhz bu səbəbdən “İmişli” rəhbərliyi ən yaxşı variant kimi Ağsu şəhər stadionu görüb.
Klub 2025-2026 mövsümündə Premyer Liqada rəqiblərini I Liqada mübarizə aparan “Difai”nin ev oyunlarını keçirdiyi Ağsu şəhər stadionunda qəbul edəcək.
Qeyd edək ki, “İmişli” daha öncə “ASCO Arena”da ev oyunlarını keçirmək variantını gözdən keçirirdi. Lakin son anda bu məsələ alınmayıb.

