“Məşqçilik fəaliyyətimdə kumirimin Qurban Qurbanov olduğunu demək istərdim. Həqiqətən, o bir kitabdır. Onu çox diqqətlə oxumaq lazımdır. Mənə öyrədilən, buna baxmayaraq yarımçıq qalan ideyalarım var ki, Azərbaycan futbolunda gerçəkləşdirmək istəyirəm. Biz Qafqaz futbolu ölkəsiyik. “Vur qabağa” prinsipi ilə oynamamlıyıq. Skandinaviya ölkəsi deyilik ki, uzun ötürmələrlə oyunu 1-ci və 3-cü zona arasında oynayaq. Bu gün çalışdırdığım “Neftçi” U-17 komandasında elə oyunçular var ki, gələcəyə ümidlə baxmağa dəyər. İkili mübarizələrdə adam keçməyi, topla driblinqləri çox yaxşıdı. Məhz bu yaşlarda futbolçularımızı müəyyən bir sistemə uyğunlaşdırmaq lazımdır. Uşaq futbolunda problemlər təbii ki, var. Amma düzəltmək çox asandır. Sadəcə sistem, dəstək lazımdır. Bu gün əsas prinsip bu yaş kateqoriyalarında çempionluq yox, əsas komandaya futbolçu hazırlamaqdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu açıqlama milli komandamızın sabiq kapitanı Elvin Məmmədova məxsusdur. Hazırda “Neftçi”nin U-17 komandasında baş məşqçi olan gənc çalışdırıcı Azərbaycan futbolu barədə önəmli açıqlamalarla diqqət çəkib.
“Footcast TV”də yayımlanan və Elçin Cəfərovun aparıcısı olduğu “Deməsən olmur” verilişində futbolçu keçmişinə ekskursiya edən E.Məmmədov ona gələn transfer təklifləri barədə danışıb, həmçinin ölkə futbolu ətrafında cərəyan edən aktual hadisələr haqda maraqlı fikirlər səsləndirib.
Çexiyanın “Slaviya” (Praqa) klubuna transferinin baş tutmamasına da toxunan Məmmədov bildirib ki, baş məşqçi dəyişikliyi planlarını dəyişib:
”Avstriyada görüşdük, şərtlərdə anlaşdıq. Müqavilə hazır idi. Sadəcə bir həftə sonra baş məşqçi dəyişikliyi planları alt-üst etdi. Getmək istəyirdim. Qurban Qurbanov getməməyimi məsləhət gördü. Çünki məni istəyən məşqçi ilə yollar ayrılmışdı. Klubdakı gələcəyim sual işarəsiydi. Bir sözlə, risq etmədim. Yaxşı ki, Qurban müəllimin məsləhətinə qulaq asmışam”.
Daha ətraflı aşağıdakı linkdən baxa bilərsiniz:

