“Ümid edirəm ki, bu mövsüm də bizim üçün uğurlu alınacaq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda Uelsin TNS komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis Azərbaycanı Avropada layiqincə təmsil etmək istədiklərini bildirib: “İki həftə Avstriyada təlim-məşq toplanışı keçdik. Güclü rəqiblərlə qarşılaşdıq. Deyərdim ki, oyuna hazırıq. Rəqib TNS komandası da Bakıya xoş gəlib. Nəticə haqqında indidən danışmaq düzgün olmaz. Hər şey meydanda həll olunacaq. Azarkeşlərimizi stadiona dəvət edirəm. Onlara ən yaxşı oyunumuzu göstərmək niyyətindəyik”.
O, rəqib haqqında detallı danışmaq istəmədiyini söyləyib: “TNS təcrübəli komandadır. Bəzi futbolçuları uzun müddətdir bir arada oynayırlar. Hücum xəttində keyfiyyətli oyunçular yer alır”.
Qeyd edək ki, “Sabah” – TNS görüşü iyulun 7-i saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Cavab matçı isə bir həftə sonra səfərdə olacaq. (Azertac)

