Ölkə futbolu

Ad gününü həbsdə keçirən azarkeş üçün kiçik YAZI

Hər kəsin həyatında bir gün önəmli olur. Hansı ki, o gündə sən dünyaya göz açmısan, ailənə sevinc bəxş etmisən. Çox romantikliyə qapılmadan sizə bir xatırlatma edim, yəqin ki, Lənkərandakı “Böyük oyun”dan sonra tutulan azarkeşlərdən xəbərdarsız və bu az qala hər gün yazılır. 

…Və xəbərdarsınız ki, “Neftçi”nin bir fanatı – Zaur Ərəbov da həbsdədi. Niyə görə, nə səbəbə həbs olunduğunu qoyaq bir kənara… Burada bir “xalq” komandasının azarkeşindən söhbət gedir. Hansı ki, heç kim stadionlara gəlməzkən onlar “Neftçi”ni tək buraxmadı, yayında, qışında daim “Neftçi”nin yanında oldular. Bu “Neftçi” sevgisi idi onun qəlbində və bu istəyin az qala acısını da çəkir. “Böyük oyun”dan sonra Ərəbovla yanaşı digər “Xəzər Lənkəran”lı azarkeşlərin həbs olunması xəbəri gələndə, klublar əl-ayağa düşər, bir neçə saata fanatlarını xilas edər düşündüm. Bu düşüncəmdə qismən də olsa yanıldım. Niyə qismən? Çünki Cənub klubu bir neçə fanatını dəmir barmaqlıqlar arasına getməyə qoymadı. “Neftçi” neynədi? Nə iş gördü?

Bu gün “İnter”lə oyunda “Neftçi” azarkeşlərinin Zaur Ərəbovla bağlı səsləndirdikləri şüarlarında hiss etdim ki, sən demə onun bu gün ad günü imiş. Doğum gününü dəmir barmaqlıqlar arasında keçirən Zaur hər an, hər saat klubdan ona ediləcək yardımı gözləyir, ancaq “Neftçi” rəhbərliyi “qanun hamı üçün qanundu” deyib üstündən keçir. Siz hansı qanundan, hansı qaydadan danışırsız? 

Araz Abdullayevin məsələsini xatırlatmağa ehtiyac varmı? O zaman qanunu bir kənara qoyub, Ərəbovu azad edib, onun ailəsinə bu gündə xoş bir sürpriz edə bilərdiniz. Ancaq etmədiniz, istəmədiniz, çünki sizə maraqlı deyil. Zaurun anası, atası, ümumilikdə ailəsi bu gün övladının zindanda daha bir yaşına qədəm qoymasına necə göz yumsun? Necə tab gətirsin? Necə dayansın? 

Fərz edin ki, içəridə olan Zaur yox, sizin övladınızdı… Bunun fərqinə belə vara bilmərsiniz.

Zaura tək dəstək elə o “Neftçi” azarkeşləri oldu. Hər oyun “Neftçi” yox, “Zaur, Zaur” – deyə qışqıran “ağ-qara”lı azarkeşlərin əlindən bu gəlir. Onlar lazım olan dəstəyi göstərirlər, siz də əlinizdən gələni edin, onu azad edin, bir dəfə də böyüklüyünüzü göstərin. Qoy hər kəs “Neftçi” azarkeşini sevir, ona sahib çıxır desinlər.

Ad günün mübarək qardaş… Allah köməyin olsun.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43