04 İyul 2026
Ölkə futbolu

Adrian Mutu: “İki qol fərqini aradan qaldırmalıyıq”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib:

“Bilirik ki, bizi çətin oyun gözləyir. İki qol fərqini aradan qaldırmalıyıq. Baxmayaraq ki, çox güclü rəqiblə qarşılaşacağıq. “Beşiktaş”a rəqib olduğumuz zaman hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Bura məğlub kimi gəlsək də, qələbə qazanmaq istəyirik. Geyindiyimiz dəyərlərə hörmətlə yanaşmaq istəyirik. Normalda bu cür komandalarla Konfrans Liqasında yox, Çempionlar Liqasında qarşılaşırsan”.

Baş məşqçi cavab matçında heyətdə ciddi dəyişikliklər olmayacağını söyləyib: “Zədəli futbolçuları çıxmaq şərtilə eyni heyət olacaq. Heyətimiz elə də geniş deyil. Yeni transferlərin də meydana çıxması gözləniləndir. Həm avrokuboklarda, həm də çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətin olmalıdır. Düşdüyümüz vəziyyətə uyğunlaşmağa və yaxşı şəkildə çıxmağa çalışırıq. Buradayıqsa, hər görüşə qələbə üçün gəlmişik”.

Mutu oyunöncəsi məşq keçməyə çox vaxtlarının olmadığını vurğulayıb: “Səbail”lə oyundan sonra bərpa məşqinə bir gün vaxtımız oldu. Ondan sonra bu gün ilk dəfə tam şəkildə meydanda məşqə çıxacağıq. Bakıya dönüşümüz cümə gününə planlaşdırılır. “Sabah”la çempionat oyununun vaxtı dəyişdirilməsə, həmin matç öncəsi də eyni vəziyyət olacaq”.

O, Bakıdakı matçın ikinci hissəsində sərgilənən performansı İstanbulda görmək istədiyini deyib: “İlk görüşün birinci hissəsində də komanda əlindən gələni edirdi. Amma komandamdan ikinci hissədəki mübarizəni gözləyəcəyəm. Sabah öz üslubumuzda oyun göstərməyə çalışacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, eyni üslubda davam etmək lazımdır. İkinci hissədə göstərdik ki, futbol oynaya bilirik”.

Qeyd edək ki, avqustun 17-də “Beşiktaş” stadionunda keçiriləcək “Beşiktaş” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Neftçi Arena”dakı ilk matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43