02 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”ın hücumçusu: “Heç kimdən çəkinmirik”

“Qəbələ”yə qalib gəldiyimiz üçün çox sevincliyik. Oyuna yaxşı başlamışdıq, nəticə biz istəyən kimi oldu. Rəqib də pis çıxış etmədi. “Qəbələ” yaxşı komandadır”.

Bu sözləri idmanxeber.az saytına “Araz Naxçıvan”ın hücumçusu Orxan Əliyev komandasının Misli Premyer Liqasının II turunda “Qəbələ” üzərindəki qalibiyyəti barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“İlk oyunda “Turan Tovuz”a (0:3) qarşı da pis çıxış etmədik. Epizodlarımız var idi. Əgər onlardan yararlana bilsəydik, nəticə başqa cür olardı. Yaxşı komandamız var. Ümid edirəm ki, qısa vaxt sonra “Araz Naxçıvan”ı daha yüksək yerlərdə görəcəyik. Yeni formalaşan komanda olsaq da, həmişə hazır olmalıyıq. Peşəkar futbolçularıq, işimizi yaxşı bilirik. Zaman keçdikcə formaya düşəcəyik. Hədəfimiz Premyer Liqada qalmaq deyil, daha böyükdür. Qarşıda bizi növbəti çətin oyun gözləyir. “Qarabağ”la qarşılaşacağıq. Açığı, heç kimdən çəkinmirik, bütün rəqiblərə hörmət edirik. Bizim öz məqsədimiz var, ona doğru getmək istəyirik”.

27 yaşlı hücumçu komandanın Naxçıvandan uzaq qalmasına da münasibət bildirib:

“Doğma meydanda oynamağı biz də istəyirik. Azarkeşlərimiz önündə çıxş etmək daha yaxşı olar. İstəyərik ki, dolu tribunların dəstəyi ilə mübarizə aparaq. Ancaq Bakıda da tərəfdarlarımız bizi tək qoymur”.

Ötən mövsümdən “Araz Naxçıvan”ın aparıcı oyunçularından olan Orxan Əliyev kapitanlıq sarğısının heyətə yeni qoşulan Numan Kudriçə verilməsinə isə münasibət bildirmək istəmədi:

“Bu, mənə aid sual deyil, cavab vermək istəmirəm. Kapitanlıq sarğısının mənə niyə verilmədiyini baş məşqçi Azər Bağırovdan soruşun”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43