15 İyul 2026
Ölkə futbolu

“Bayer” nəhəng klubdur, lakin biz onlardan çəkinmirik” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın futbolçusu Julio Romao “tntsports.com.br” saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Bayer” klubunun yer aldıqları H qrupunun favoriti olduğunu etiraf edib. Lakin o, Bundesliqa təmsilçisi ilə matçlara da qələbə əzmi ilə çıxacaqlarını söyləyib:

“Bayer” nəhəng klubdur, lakin biz onlardan çəkinmirik. Rəqib güclü olsa da, 3 xal qazanmağa, öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq səviyyədə komandamız var. Avropa Liqası xüsusi yarışdır və hər bir futbolçu bu turnirin oyunlarında meydanda olmaq istəyir”.

Ağdam klubunun legioneri qrup mərhələsinin ilk turunda Norveç klubu “Molde”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşə də münasibət bildirib: “Qələbə ilə başlamaq həmişə önəmlidir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Eyni diqqətlə yolumuza davam etməliyik”.

“Qarabağ” II turda İsveç klubu “Hakken”lə qarşılaşacaq. Azərbaycan çempionu oktyabrın 5-dəki görüşü səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43