Kateqoriyasız

Bir gecəyə məşhurlaşan məhbus oğlu

Bir neçə gündən sonra futbol həvəskarlarının diqqəti Fransaya yönələcək. Avropanın 24 güclü millisi qitənin ən güclüsünü ayırd etməyə çalışacaq. Almanlar Almaniyanı, italyanlar İtaliyanı, ingilislər İngiltərəni, ruslar Rusiyanı qələbəyə səsləyəcək. Biz isə dəvəsi ölmüş ərəblərik. Nə vaxtsa belə böyük turnirlərdə ölkəmizi dəstəkləyəcəyimiz heç yuxumuza da girmir…
 
Yaxşı ki, dili dilimizə, dini dinimizə, qanı qanımıza yaxın Türkiyə də Avropa çempionatında mübarizə aparacaq. Biz də “Ay-ulduzlular”a cani-könüldən azarkeşlik edəcəyik. Onların qələbəsinə sevinib, uğursuzluğuna kədərlənəcəyik. Lap 2002-ci ildə dünya çempionatında olduğu kimi küçələrə axışmaq ehtimalı da yüksəkdir. Hazırki Türkiyə millisinin potensialı nikbin danışmağa əsas verir. Baş məşqçi Fatih Terim döyüşkən heyət qura bilib. İndi hamı “İmperator” və “əsgərlər”indən yalnız və yalnız qəhrəmanlıq gözləyir. Heyət demişkən, bu yazıda bir futbolçudan danışmaq istəyirəm…
Oyun yada düşmədi, hamı ondan danışdı
 
3-4 gün əvvəl Türkiyə millisi qitə çempionatına hazırlıq xarakteri daşıyan matçda Çernoqoriya ilə üz-üzə gəldi. Oyunun gedişatı və nəticədən yəqin ki, xəbəriniz var (Türkiyə 1:0 qalib gəldi). Söhbət qonşularımızın qələbəsində, heç son saniyələrdə vurulan qələbə qolunda da deyil. Məsələ burasındadır ki, Türkiyə mətbuatı bu oyuna geniş yer vermədi. Səbəbi isə bu idi ki, hamı həmin gün 29 nömrəli forma ilə meydanda xarüqələr yaradan cavan oğlanın kimliyi ilə maraqlanırdı. Kim idi Messi kimi meydanın hər yerində boy göstərən? Kim idi “pişik” kimi cəld hərəkətləriylə rəqib futbolçuların başını gicəlləndirən? Onun kim tapıb gətirdi Türkiyə millisinə? Səbrli olun. Bir azdan hamısını biləcəksiz. Əmrə Mordan danışacağıq…
 
Uğurlu debüt
 
Bu istedadlı oğlanın cəmi-cümlətanı 18 yaşı var. Elə Avropa çempionatı günlərində 19-u tamamlayacaq. Antalyadakı yoldaşlıq oyununda ilk dəfə milli formayla meydana çıxan Əmrəyə gecənin qəhrəmanı olmaq üçün 45 dəqiqə kifayət etdi. İkinci hissədə Volkan Şənin əvəzinə meydana çıxan bəstəboy yarımmüdafiəçi sərgilədiyi futbolla Türkiyənin gündəmini zəbt etməyi bacardı. Ekran başında oyuna baxanlar məhz o, meydana çıxandan sonra gözünün pasını sildi. 22 nəfərin arasında aydın seçilən Əmrə sürəti, texnikası, cəsarəti ilə və 18 yaşında olmasına baxmayaraq, illərin təcrübəli futbolçusu kimi oynayaraq hamının beynində “bu uşaq kimdir” sualını formalaşdırdı. Fatih Terimin milliyə qazandırdığı Türkiyənin gələcək ulduzu adına namizədin maraqlı həyat hekayəsini birlikdə vərəqləyək…

Ayağına dəmir bağlayıb məşq edirmiş
 
Əmrə Danimarkada doğulan qürbətçi türklərdəndir. Brensheydə dünyaya gəlib və futbolun əlifbasını əksər uşaqlar kimi küçələrdə öyrənib. Onun istedadından ilk xəbər tutan isə doğulduğu şəhərin “Brenshey Boldklub” komandası olub. Bir az sümükləri bərkiyəndən sonra “Lünqbü” klubunun əvəzedici heyətinə götürülüb. Artıq onun həyatı sırf futbola bağlanmışdı. Bu üzdən 16 yaşında məktəbi atdı.
Onda olan potensialı görmək üçün saatlarla oyununu izləməyə gərək yox idi. Təsadüfi deyil ki, artıq Avropa klublarının daim pusquda duran seleksiyaçıları qürbətçi türkün potensialını hiss etmişdi. Əlqərəz 2013-cü ildə “Sent-Etyen” Moru baxışa çağırdı. Ancaq fransızlar onu bəyənmədi və müqavilə təklif etmədilər (yəqin ki, indi peşman olublar). 2015-ci ildə Danimarkanın tanınmış “Nordsyulland” klubu gənc istedadı sıralarına qatdı. Ancaq buna qədər Əmrə qorxulu qəzavü-qədərlə üz-üzə qalmışdı. Belə ki, 2013-cü ildə məşqlərin birində onun ayağı sınır. Bu onun gələcək karyerasında dönüş nöqtəsi olur. “Bir daha futbol oynaya bilməyəcəm” qorxusuyla yatıb-duran Əmrə daha güclü olmaq üçün həddindən artıq çalışmalı olduğunu başa düşürdü. Fiziki durumunu əvvəlkindən də güclü vəziyyətə gətirmək üçün ayağına 2,5 kq ağırlığında dəmirlər bağlayaraq yeriməyə başladı. Aylarla bu şəkildə hərəkət etdi…

Məşqə avtobusla gedib-gəlir
 
Hazırda Kopenhagendə ailəsi ilə birlikdə yaşayan Mor məşqə avtobusla gedib-gəlir. Ancaq bunun uzun sürəcəyi ehtimal olunmur. Belə istedad üçün qısa zamanda hər cür şərait yaradılacaq. Ən böyük hobbisi “Facebook” və “Instagram”da vaxt keçirməkdir. Bundan başqa, atası qədər çox sevdiyi meneceri Muzzi Özcanla restoranda oturmağı da çox xoşlayır. Ət və makaron “xəstəsidir”. Bu iki qida məhsulundan heç vaxt imtina etməz. Menecerinə çox bağlıdır. Muzzi Özcan Əmrəyə görə Kopenhagenə gələndə oteldə yox, məhz futbolçunun evində qalır. Hətta Əmrə çarpayısını menecerinə verib özü kresloda gecələyir.
 
Məhkum atasının yolunu gözləyir
 
Hər bir futbolçunun yaxşı oyun sərgiləməsində bütün göstəricilərdən əlavə psixoloji vəziyyətin də böyük rolu var. Ailəsində və ya şəxsi həyatında problemləri olan futbolçuların karyerasında eniş yaşadığının dəfələrlə şahidi olmuşuq. Bu fikri nahaq yerə xatırlatmadıq. Bugünkü qəhrəmanımızın da ailəsində müəyyən problemlər var. Bəlkə də Əmrə indi özünütəsdiq mərhələsində olduğu üçün bu problem onun oyununa ciddi sirayət etmir. Məsələ burasındadır ki, Əmrənin atası Kopenhagendə restoran işlədirmiş. Avtomobil qəzasından sonra xəsarət yetirməkdə və sığortasız maşın sürməkdə ittiham olunan ata Mor 4 ay müddətinə həbs olunub. İndi Əmrənin fikri Avropa çempionatında olsa da, gözü-qulağı bir aydan sonra azadlığa çıxacaq atasındadır.
 
Fatih Terimin sayəsində…
 
Ötən ilin sentyabrında gənc istedad Danimarka vətəndaşlığını seçmişdi. Ancaq Türkiyə millisinin baş məşqçisi Fatih Terim və köməkçilərinin vaxtında müdaxiləsi sayəsində onu fikrindən döndərmək mümkün oldu. Həbsdə yatan atasıyla razılığa gəlindi və Türkiyə pasportu Danimarkanın paytaxtında futbolçuya şəxsən təqdim olundu.

 
“Qalatasaray”, Messi və “Real”
 
Hər bir gənc futbolçu gələcək karyerasıyla bağlı xəyallar qurur. Yəqin ki, indi hər kəs onun qəlbində hansı komandaya azarkeşlik etdiyi ilə maraqlanır. Əvvəla o, özü Türkiyədə tutduğu komandayla bağlı heç nə deməyib. Ancaq bugünlərdə anası Əmrənin “Qalatasaray” fanatı olduğunu Türkiyə mətbuatına açıqlamışdı.
 
Əmrə Morun dediyinə görə, hər dəfə oyuna çıxmamışdan əvvəl Messinin videolarını izləyir. Ancaq ən böyük arzusu “Real”ın formasını geyinməkdir. Sol ayağı ilə cəld driblinqləri, sürəti, texnikası və ağıllı oyunu ən böyük üstünlükləridir. Bəzi futbolçular kimi Əmrənin də inandığı rituallar var. Məsələn, ən diqqətçəkən inancı boynundan asdığı duadır. O duanın içində “Quran”dan bir ayə var. Hər oyundan əvvəl və sonra 3 dəfə öpərək alnına qoyur. Bu, onun üçün uğur gətirəcəyinə inandığı ən böyük mənəvi gücdür.
 
Sakit təbiətli Əmrə 18 yaşında olmasına baxmayaraq, yaxınlarının dediyinə görə uşaq kimidir. Daha bir özəlliyi olduqca intizamlı olmasıdır. Belə olmasaydı, məşqə hamıdan tez gəlib, hamıdan gec çıxmazdı. Demək olar, hər dəfə bu hal müşahidə olunur. Türkcə anlasa da, sərbəst danışa bilmir. Bu çatışmazlığı da tezliklə aradan qaldırmaq həvəslə Türkiyə millisinin formasını geyinən birisi üçün çətin olmamalıdır.
 
İlk dəfə “Ay-ulduzlular”ın heyətində debüt edən Əmrə 45 dəqiqə ərzindəki oyunuyla hər kəsi elə məst etdi ki, final fitindən sonra bütün stadion “Əmrə Mor” deyə qışqırırdı. Təbii ki, 18 yaşlı gənc özünü saxlaya bilmədi və ağladı. Bu məqamda ona ilk dəstək Hakan Çalhanoğlu və Arda Turandan gəldi. Vəssalam…
 
Fatih Terimin yeni layihəsi artıq hazırdır deyə bilərik. 2015-ci ildə meneceri tərəfindən kəşf edilən, U-20 və U-21-də ötənlərin məşhur futbolçusu, hazırda məşqçilik edən Abdullah Ercan tərəfindən dəfələrlə izlənilən Əmrə Mor indi Türkiyə futbolunun gələcək siması olmağa ən real namizəddir. Bu yolda ilk hədəf isə Avropa çempionatıdır.

(publika.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43