15 İyul 2026
Ölkə futbolu

“Bu, “Səbail”in maksimumu deyil” – Şahin Diniyev

“Hər iki tərəfindən qol şansları var idi. İkinci qolu vursaydıq, işimiz daha rahat olardı. Futbolçularıma təşəkkür edirəm. Xarakter nümayiş etdirdilər. Ağıllı oynayaraq nəticə qazandıq. Eyforiyaya qapılmamalıyıq. Hələ yolun başlanğıcındayıq. Sabah xal da itirə bilərik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Araz Naxçıvan” oyunu sonrası deyib. O, komandasının bir futbolçudan asılı olmadığını vurğulayıb:

“Potensialımız var. Bu gün 3 futbolçumuz zədəli oynayırdı. Tam gücləri ilə çıxış etmədilər. Buna baxmayaraq, xarakter nümayiş etdirdilər, Düşünürə ki, bundan da yaxşı oynaya bilərik. Biz komanda yaradırıq. Bir oyunçudan asılı deyilik. Bu, “Səbail”in maksimumu deyil”. 

Diniyev hazırda qərarlaşdıqları ikinci pilləni qorumağın çox çətin olduğunu qeyd edib: “Ardıcıl qələbələrə baxmayaraq, komandada eyforiya yoxdur. Buna imkan verməyəcəyik. Yuxarı çıxmaq asandır, orda qalmaq isə çətin. Bundan sonra rəqiblər bizi daha ciddi qəbul edəcək. Əvvəl rəqibi daha çox analiz edirdik, indi isə öz oyunumuzu. Bu futbolçularla nəsə etmək olar. Demirəm medallar uğrunda mübarizə aparırıq. Buna heç vaxt söz verməmişəm. Bacardığımız qədər irəlidə olmağa çalışacağıq”. 

Diniyev uğur qazanmaq üçün stabilliyin ciddi önəm daşıdığını bildirib: “Stabil heyət varsa, oyun olacaq, stabil oyun da yaxşı nəticə deməkdir. İlk növbədə bu oyunu qorumalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43