l Divizion Ölkə futbolu

“Çempion ola biləcək gücümüz yoxdur” – “Zaqatala”nın futbolçusu

“Komandanın adının Premyer Liqa ilə hallanması çox yaxşıdır. Amma bunun nə dərəcə real olduğunu bilmirik. Əlbəttə, “Zaqatala”nı əsas çempionatda görmək hamımızın arzusudur. Hazırda isə bizim məqsədimiz I Divizionda mövsümü ilk “3-lüy”də bitirməkdir. Bütün komanda yalnız buna köklənib. Mövsümü istədiyimiz kimi başa vurduqdan sonra Premyer Liqa barədə düşünməyə başlamaq olar. Hələlik gözləmə mövqeyindəyik”

Bu sözləri idmanxeber.az saytına I Divizion təmsilçisi “Zaqalatala”nın hücumçusu Cəlal Cəbrayılov komandanın Premyer Liqada oynayacağı iddiaları barədə danışarkən deyib.

21 yaşlı futbolçu bölgə təmsilçisinin diviziondakı çıxışını qənaətbaxş hesab edir. O, heyətlərinin o qədər də geniş olmadığı bildirib:

“Ümumi götürsək, mövsümü yaxşı dəyərləndirmək olar. Bu cür kəsad heyətlə 3-4-cü yerlər üçün mübarizə aparmağı bacarırıqsa, bizim üçün çox yaxşı haldır. Etiraf edək ki, çempion ola biləcək gücümüz yoxdur. Demək olar mövsümü 13-14 nəfərlə başa vururuq”.

15 qolla “Zaqatala”nın ən məhsuldar oyunçusu olan Cəlal qarşıdakı illərdə Premyer Liqada çıxış etmək istədiyini bildirib. O, I Diviziondakı vəziyyətin çox da ürəkaçan olmadığını vurğulayıb:

“Bu mövsüm 15 qol vursam da, daha yaxşısını edə bilərdim. Daha yüksək yerlər üçün inkişaf etməliyəm. Yaxın gələcəkdə Premyer Liqada oynamaq istəsəm də, özümü hələ o səviyyədə görmürəm. Ancaq əminliklə deyim ki, şans yaranacağı təqdirdə bu yükü daşıya biləcəm.

İndidən növbəti mövsüm barədə danışmaq tezdir. “Zaqatala” ilə mövsümü başa vurub müqavilə ilə məxsus olduğum “Sumqayıt”a dönəcəm. Açığı, bir-iki klubdan təklif var. Ancaq heç biri Premyer Liqa təmsilçiləri deyil. Artıq 21 yaşım var, futbol üçün o qədər az yaş deyil. Buna görə də qollarımın sayını artırıb, öz üzərimə düşəni etməliyəm. Çünki Premyer Liqa ilə I Divizion arasında çox fərq var”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43