Kateqoriyasız

Ermənilər Bakıya gəlməydən qorxdular

Ermənistanın 2 cüdoçusu “Bakı-2015” I Avropa Oyunlarına buraxılmayıb.

İdmanxeber.com-un “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə “news.am”a yığmanın baş məşqçisi Tiqran Babayan açıqlama verib.

T.Babayan bildirib ki, Arsen Kazaryan və Andranik Çaparyanın Bakıya gəlişinə şəxsi məşqçiləri və valideynləri etiraz edib. Bu səbəbdən, Oyunlara cəmi 3 cüdoçu – Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq) qatılacaq. Baş məşqçi və federasiyanın vitse-prezidenti də Bakıya gələcək.

Ermənistan yığmasının yaxşı formada olduğunu deyən mütəxəssis daim təlim-məşq toplanışları və beynəlxalq yarışlarda iştirak etdiklərini vurğulayıb. O, hazırda Türkiyənin Antalya bölgəsində, iyunun 5-dən isə Belarusun paytaxtı Minskdə hazırlaşacaqlarını söyləyib: “Medal uğrunda mübarizə aparacağıq. Bizim üçün Bakıdakı Avropa Oyunları sıravi qitə çempionatı kimi adi bir yarışdır. Bu, siyasət yox, idmandır. Düzdür, gərginlik var, amma buna fikir verməməyə çalışacağıq. Oyunlarla çempionatın vaxtı üst-üstə düşməsəydi, geniş heyətlə qatılmayacaqdıq. Ermənistanın “Bakı 2015″də iştirak edəcəyinə hələ də əmin deyiləm”.

Qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunlarında cüdo yarışları 25 – 28 iyunda keçiriləcək və Avropa çempionatı statusu daşıyacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43