“Estoniya oyuna qələbə istəyi ilə çıxmışdıq. Görüşə yaxşı hazırlandığımızı düşünürəm. Ayın 6-dan toplanmışdıq. Ciddi hazırlıq keçdik. Sadəcə, ilk hissə yaxşı oynamadıq. İkinci yarı isə toparlanmağa çalışdıq. Bir neçə qol imkanı da yarada bildik. Təəssüf ki, bir qol vurduq, digərlərindən isə istifadə edə bilmədik. Qələbə qazanmaq istəyirdik. Oyundan sonra çox məyus olduq”.
Bu sözləri idmanxeber.az saytına millimizin yarımmüdafiəçisi Elvin Camalov Azərbaycan yığmasının AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirilən Estoniya görüşü (1:1) barədə danışarkən deyib. O, millimizin ikinci hissə yaxşı çıxış etdiyini bildirib:
“Müxtəlif səbəblərdən birinci hissə heç cür yaxşı çıxış edə bilmədik. Mən də ilk yarıda meydanda idim. Sadəcə, alınmadı. Daha sonra taktiki dəyişikliklər oldu, bir az toparlandıq. Estoniya ilə başa-baş mübarizə apardıq, hətta onlardan üstün oynadıq. Ancaq qələbə qolu gəlmədi.
Qarşıdakı oyunlara da ciddi hazırlanmalıyıq. Bundan öncəki iki oyunda məğlub olmuşduq, Estoniya ilə görüşdən isə 1 xal aldıq. Biz də istəyirik ki, qalib gələk və bütün azarkeşləri sevindirək. Ümid edirəm ki, qarşıdakı oyunlarda ürəkaçan nəticələr olacaq. Yaxşı nəticə qazanıb məğlub olduğumuz oyunları unutdurmaq istəyirik”.
Həsən Quluzadə

