Kateqoriyasız

Federasiya prezidenti hakimlərlə görüşdü

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev hakimlərlə görüşüb.

İdmanxeber.az xəbər verir ki, veteran boksçular və məşqçi-müəllimlərin ardınca baş tutan görüşdə referilərin hazırkı durumu, ölkəmizdə gənc hakimlərinin yetişdirilməsi və onların beynəlxalq ulduzlarının artırılması yolunda vacib addımlar müzakirə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, boksun inkişafı və ölkədə daha kütləviləşməsi üçün boksçular və məşqçilərlə yanaşı, hakimlər də öz dəstəklərini verməlidirlər. Bununla bağlı onların işləri təkmilləşdirilməli, qərarları obyektiv və ədalətli olmalıdır.

Federasiya rəhbəri ABF-in yeni strukturunda Hakimlər Komitəsinin formalaşdırılması üçün tapşırıqlarını da verib. O qeyd edib ki, ədalət təmsilçilərinin təcrübəsinin artırılması üçün seminarlar təşkil olunacaq, onların beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsi yolunda lazımı işlər görüləcək.

Sahil Babayev əsas hədəfin 3 ulduza sahib hakimlərimizin sayının artırılması və yeni beynəlxalq dərəcəli referilərin yetişməsi olduğunu bildirib.

Hakimlər təcrübələrinin artırılması, yeni gənc nəslin yetişdirilməsi, bölgələrdə referiliyin inkişaf yolları, xanımların bu sahəyə cəlb olunması, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43