Ölkə futbolu

FİF rəhbəri: “Kəpəz”də hazırda baş sponsorluğa real namizədimiz yoxdur”

Futbolun İnkişaf Fondu bölgə klublarına sponsor axtarışı ilə bağlı məlumat paylaşıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun rəhbəri Tural Piriyev sosial şəbəkə hesabından paylaşım edib:

“Kəpəz”in yaxası hələki boşdur. Hazırda baş sponsorluğa real namizədimiz yoxdur. Diqqəti daha çox kiçik və orta sahibkarlara yönəltmişik. #kapaz100k-da elə bu seqmentin aktivləşdirilməsi hesabına faiz artımı var. Korporativ seqmentdə piksel qiyməti daha baha olduğu üçün faktiki toplanan məbləğ görülən piksel faizindən daha çoxdur. İnanıram ki, avtobusu çox yaxın vaxtda alacağıq. Həmçinin, klubla bağlı bəzi əlavə planlar var;

Ötən ay “Zaqatala” ilə rəsmi olaraq əməkdaşlığa başladıq. Oyun günü təşkilindən tutmuş, potensial maliyyə kanallarının aşkarlanmasına qədər bir çox sahədə dəstək olacağıq. Bu bölgədə yeni fərqli ianə konsepti tətbiq edirik. Əsas hədəfimiz kiçik və orta sahibkarlardır. Həmçinin, baş sponsor danışıqları davam edir;

Baş sponsorun gəlişi ilə əlaqədar “İmişli”də işlər yaxşı gedir. İnfrastruktur məsələləri həllini tapmaq üzrədir, klubun strateji inkişaf planını yekunlaşdırırıq. Həm “Turan Tovuz”da, həm “İmişli”də aparılan işlər onu göstərir ki, dayanıqlı inkişaf olması üçün biznes beyinlərinə ehtiyac var. Hər iki sponsorun nümunəsində əminliklə demək olar ki, maddi dəstəkdən də önəmli vizyonları və yanaşmalarıdır;

Region klublarının sayının artması hamı kimi bizi də xoşbəxt edir, lakin bütün klublarla əməkdaşlıq etməyi fiziki çatdırmırıq. Bununla əlaqədar olaraq, prioriteti ənənəvi futbol bölgələrinə vermişik. Hədəf yekunda bütün region klubları ilə əməkdaşlıq etməkdir, amma keyfiyyət daha vacibdir. Hazırda 10 klubla əməkdaşlıq edirik, bir neçə klubla da ilkin kontaktımız olub;

Bölgə klublarında ciddi kadr çatışmazlığı var. I və II liqa komandalarına dövlət proqramı ilə ayrılan büdcə böyük olmasa da, “yaşamaq” üçün kifayət edir. Hər şeyi dövlət etməməlidir, bir az da işləmək lazımdır. Yaxşı kadrlar və düzgün yanaşma ilə qısa müddətdə fərq yaratmaq mümkündür. Kadr hazırlığında dəstək olmaq üçün hazırda UEFA və bir neçə beynəlxalq tərəfdaşlarımızla birgə təhsil platformasının konsepti üzərində işləyirik;

Beynəlxalq və yerli tərəfdaşlarımızın dəstəyi, region klublarının vasitəsilə həyata keçirdiyimiz sosial layihələrimiz davam edir. “Yay düşərgəsi”nin üçüncüsünə Mingəçevirdə start verdik. “Mina və PHS Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsi bu ayın ortalarından davam edəcək. Bununla yanaşı, “sosial fayda müqaviləsi”, Vergi Məcəlləsinə dəyişiklik təklifi kimi işlərlə əlaqədar bir neçə dövlət qurumu ilə danışıqlarımız davam edir, paralel olaraq beynəlxalq tərəfdaş şəbəkəmizi də artırırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43