Misli Premyer Liqasının XII turunda “Qəbələ” səfərdə “Zirə”yə məğlub olub – 0:1.
İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından əyalət təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze matç barədə fikirlərini bildirib:
“Qələbə münasibəti ilə “Zirə”ni təbrik edirəm. Yaxşı oyun oldu. Bunu gözləyirdik. Futbolçularım əllərindən gələni etdilər, maksimum şəkildə mübarizə apardılar. Özünüz də görürsüz, hər oyunda öz qapımıza penaltiyə səbəb oluruq. “Sumqayıt”la oyunda belə penalti oldu. İlk dəfə idi ki, müdafiədə çox diqqətli oynayırdıq. “Zirə” təcrübəli komandadır. Bu səviyyədə oyunlarda belə səhvlərə yol vermək olmaz. Futbolçularımın təcrübəsi çatmır. Süleyman Damadayev çox çalışır, çox mübarizə aparır. Amma bu səviyyədə belə kobud səhvlərə yol vermək olmaz. Biz bundan çox ziyan çəkirik. “Zirə” çox yaxşı müdafiə olunan komandadır. Onlara qol buraxdıqdan sonra qol vurmaq çətindir. Standart vəziyyətlərimiz çox olur. Amma onlardan sonra biz rəqib qapısına təhlükəli epizod yarada bilmirik. Sadəcə bunun üçün keyfiyyətli futbolçu lazımdır ki, vacib ötürməni versin, zərbəni vursun. İndi heç nəyi dəyişə bilmərik. Qışa kimi döyüşməli, mübarizə aparmalıyıq. Sonra heyəti gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman “Qəbələ” avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir”.

