“Bizim son 6 oyunda verilməyin 10 penaltimiz var. Hələ yersiz cərimələri, ofsaydları demirəm. Sonuncu görüşdə də belə oldu. Hakim Mahmud Bağırzadə “Karvan”la görüşdə (2:2) “konsert verirdi”. Əlindən gələni etdi ki, biz udmayaq”.
Bu sözləri İdmanxeber.az saytına “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə deyib. O, AFFA İntizam Komitəsinin hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanmasına belə münasibət bildirib:
“Əgər hakimləri söymüşəmsə, Allah bəlamı versim. Orada 20-yə yaxın şahid var. “Karvan”ın stadionunda su gəlmirdi. Futbolçular buna görə narazılıq edirdilər. Mən də onları sakitləşdirmək üçün araya girdim. Qorxdum ki, ciddi problem yaşayarıq. Onları paltardəyişmə otağına göndərdim. Hamı çox aqressiv idi. Çünki ikinci hissə görüşün baş hakimi Mahmud Bağırzadə bizim qalib gəlməməyimiz üçün hər şeyi elədi. Açıq şəkildə deyirəm. Sonra da hakimlərin otağının qarşısından keçəndə dedim ki, Allah sizin bəlanızı versin, bizim haqqımızı yediniz.
50 ailə bu klubdan çörək yeyir. Bir kluba qarşı bu qədər haqsızlıq etmək olmaz. İndi gedib yazıblar ki, Amit bizi təhqir etdi. Qardaş, niyə adımı belə çıxarırsınız? Kiminsə ailəsini, arvadını söyməmişəm. Sadəcə hakimlərə etiraz etmişəm. Buna görə 5 oyun cəza verilməməlidir. Mən inanclı insanam. Əgər dediklərim yalandısa, Allah mənim bəlamı versin. Bundan o tərəfə söz yoxdur”.
Həsən Quluzadə

