Ölkə futbolu

“İstəmirəm rəqibin oyunçularını tənqid edim” – Laurentsiu Regekampf

“Bu cür meydançada oynamaq çətindir. Komandamı üç xal münasibəti ilə təbrik edirəm”.

İdmamxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 26-cı turunun “Şamaxı” ilə görüşündən sonra deyib. O, daha sonra belə davam edib:

“Bu cür oyunları analiz etməyəcəm. Çünki bu oyun üçün atmosfer belə idi. Müdafiəyə qapanıb, əks-hücumlara çıxan komandaya qarşı oynamaq asan deyil. Gələcəyə baxıb, növbəti oyunlara hazırlaşmalıyıq.

Futbol oynamaq istəyən komanda üçün bu cür meydança üstünlük deyil. Çünki dönmələr çətin olur. Hərəkətlər, hər bir şey normal meydançadakı kimi baş vermir. Sürət də, həmin sürət olmur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən komandanın sonradan burada oynaması çətindir.

Bu cür oyunlarda səhv normaldır. Topu yaxşı ram etmək olmur. Başqa şanslarımız da var idi ki, qol vura bilərdik. Düşünürəm ki, Mateus Saldanyanın epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün daha rahat olacaqdı. Rəqib daha açıq futbol oynamalı idi. Biz qol vurandan sonra onların qapıçısı hər topu dərhal oyuna daxil edirdi. İstəmirəm rəqibin oyunçularını tənqid edim. Ancaq bu cür faktları qeyd etmək istəyirəm. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Bu meydançada bir qol buraxdınsa, sonrası çətin olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43