İdman

“Kəpəz” tərəfi Gəncədəki qalmaqala aydınlıq gətirdi: “Onlar “Kəpəz”i sevməyən insanlardı”

Bu gün AFFA-nın İntizam Komitəsinin iclasından sonra “Kəpəz”in 4000 manat məğbləğində cərimə olunması qərarı qəbul edildi.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb Gəncə klubunun azarkeşləri oldu. Belə ki, Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” (0:1) matçından sonra bir qrup yerli azarkeşlər qonaq komandanın avtobusunu daşa tutub və nəticədə futbolçuları daşıyan nəqiliyyat vasitəsinin şüşəsi sınıb. Məlum hadisə ilə bağlı İdmanxeber.com-a açıqlama verən “Kəpəz”in azarkeşlərlə əlaqələndiricisi, eləcə də təhlükəsizlik xidmətinin rəisi olan Elmar Əliyev, məsələni bu cür izah etdi:

“İnanın, hər dəfə azarkeşlərlə görüşəndə, başa salırıq ki, dostlar, qardaşlar bu cür hallara yol verməyək. Axı ayıbdı, biz burda öz qonaqpərvərliyimizi göstəririk. Gəncədən ayrılan komandalar “Kəpəz”in azarkeşlərinə heyran qalsınlar, onların öz doğma klublarını necə yüksək səviyyədə dəstəkləməsinin şahidi olsunlar. Daha adımız bu cür məsələlərdə hallanmasın. Əlimizdən gələni edirik ki, belə mənzərə ilə qarşılaşmayaq. Bu cür hadisənin baş verməsi bizi çox üzür və təəssüf hissi ilə qarşılayırıq. Əmin olun ki, yaşananlar stadiondan kənar ərazidə baş verib. Çünki baza daxilində və ətrafında bu cür tərbiyəsiz hadisə baş verə bilməz Təhlükəsizliyə xüsusi diqqət edirik.. Buna imkan vermərik. Belə iş tutan insanlara mən azarkeş deməzdim. Onlar “Kəpəz”i sevməyən insanlardı. Ağlı başında olan, özünü dərk edən insan rəqib komandanın avtobusunu daşa tutmaz. Həmin azarkeşləri futboldan məhrum etmək lazımdı. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, daha bu kimi hallar yaşanmasın“.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43