“Qəbələ”nin doğma meydanda “Zirə”ni məğlub (1:0) etdiyi matçda komandanın ən yaxşılarından biri də Emil Səfərov idi. Gənc futbolçu meydanın hər yerində əzmkar mübarizə aparmaqla “qırmızı-qaralar”ın mövsümdəki ilk qələbəsində böyük pay sahibi oldu. Görünən odur ki, Qəbələ Futbol Akademiyasının ölkə futboluna bəxş etdiyi onlarla futbolçudan biri də Emil olacaq.
Ötən mövsümdən komandanın əsas heyətində yer alan 21 yaşlı yarımmüdafiəçi artıq milliyə də dəvət alıb. Canni De Byazi Səfərovu AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasına qarşı keçiriləcək oyunda heyətinə çağırıb.
Gənc futbolçu İdmanxeber.az saytına “Qəbələ”nin cari mövsümkü çıxışı və özünün gələcək karyerası ilə bağlı danışıb:
– “Zirə”yə qarşı mövsümün ilk qələbəsini qazandınız. Oyunu necə dəyərləndirirsən?
Olduqca çətin və maraqlı görüş idi. Meydanda əsl mübarizə gedirdi. “Zirə”yə qarşı xüsusi hazırlaşmışdıq. Neçə oyundur xal qazana bilmirdik. Üzərimizdə ruh düşkünlüyü var idi. Evdə azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Çox şükür ki, bunu bacardıq.
– Ümumiyyətlə, “Qəbələ” “Zirə”yə qarşı hər zaman yaxşı nəticələr alır. Ötən mövsüm də onları üstələmişdiniz..
“Zirə”yə qarşı görüşlərimiz maraqlı keçir. Məncə, onlar da bizimlə matçlara xüsusi hazırlaşır. Yaxşı ki, bu dəfə də sevinən tərəf biz olduq. Bunun sirri yalnız mübarizə aparmaq, döyüşməkdir. Həvəs, istək olduqdan sonra hər şeyə nail olmaq mümkündür. Bu, həyatda da belədir.
– Mövsümə Qəbələdə “Omoniya” görüşü ilə yaxşı başlasanız da, sonradan komandada eniş yaşandı. Bunun səbəbləri nə idi?
Açığı, nə baş verdiyini özümüz də bilmirik. “Omoniya” ilə ilk görüşümüz ötən ilki “Qəbələ”dən fərqlənmirdi. Olduqca yüksək tempdə, dinamik oyun sərgilədik. Kiprdəki matçdan sonra isə komandada yorğunluq var idi deyə, “Sabah”la qarşılaşmada böyük hesabla məğlub olduq. Elə bu oyundan sonra gözlənilməz nəticələr başladı. Amma yaxşı ki, sonuncu oyunda bu gedişatı düzəldə bildik. Qarşıdakı görüşlərdə daha güclü “Qəbələ” görəcəksiniz.
– Əgər ötən mövsümkü heyət qalsaydı, avrokuboklarda fərqli nəticə qeydə alına bilərdi?
Bəlkə də ola bilərdi. Hazırkı oyunçularla müqayisədə ötən mövsümkü heyət daha təcrübəli idi. Orada Ruan, İsnik və Maçado kimi futbolçular vardı. Onlar komandada qalsaydılar, nəsə etmək olardı. Amma hazırkı heyətlə də “Omoniya”nı üstələmək mümkün idi. Özümüzdən asılıydı. Sadəcə, alınmadı. Təəssüf ki, məğlub olduq.
– Səncə, “Qəbələ” bu il avrokuboklara vəsiqə qazana biləcək?
Düzünü deyim ki, rəhbərlik qarşımıza belə bir məqsəd qoymayıb. Amma ötən illərdə də deyilməmişdi. Oynayaraq, mübarizə apararaq bacarmışdıq. Hələ çempionat yeni başlayıb. Ola bilər ki, yaxşı start götürməmişik. Amma bu o demək deyil ki, iddiamız yoxdur. Hazırda avrokubok iddiamız olmasa da, mövsüm sonu hər şey ola bilər. Özünüz bilirsiniz ki, futbol sürprizlərlə doludur. Komandaya inanıram.
– Bir müddətdir komandanın əsas heyət üzvüsən. Artıq milliyə də dəvət aldın. Hədəflərin nədir?
Hədəflərim böyükdür. Hamının olduğu kimi mənim də öz məqsədlərim var. Hansı futbolçu böyük klublarda oynamaq istəməz ki? Özümə güvənirəm, daha yaxşı futbolçu olacam. Açığı, Canni De Byazidən dəvət gözləyirdim. Məni milliyə layiq bilib çağırıblarsa, əlimdən gələnin ən yaxşısını etməliyəm”.
Həsən Quluzadə

