21 İyul 2026
Ölkə futbolu

Murad Musayev: “Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq”

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın Sport.24 nəşrinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin “Ximki”dən transferi ilə bağlı danışıb:

“Futbolçu ilə danışıqlar kifayət qədər asan keçdi. Ayaz özü “Sabah”a keçmək istəyirdi. Transfer hər iki tərəfin qarşılıqlı istəyi əsasında baş tutdu. Əsas məsələni “Ximki” rəhbərliyi ilə həll etmək lazım idi. Xoşbəxtlikdən onun transferini tez zamanda həll etdik və artıq bizimlədir”.

Rusiyalı mütəxəssis Ayaz Quliyevin Azərbaycan vətəndaşlığı almaq məsələsi haqda da danışıb. O, bununla bağlı problemin olmayacağını bildirib:  “Məncə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin indi hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, o, özünün ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43