Kateqoriyasız

“Neftçi” revanş almaq üçün əlindən gələn bütün imkanları istifadə edəcək”

“Bu cür atmosferdə “Neftçi”yə qarşı oynamaq xoş idi. Bizimlə oyuna xüsusi hazırlaşırlar. Çox maraqlı oyun oldu. İlk hissədə rəqibə imkan vermədik. Özümüz 4 real qol imkanı yaratdıq, amma istifadə edə bilmədik. Fasilədən sonra da eyni ssenari ilə davam etdik, “Neftçi”nin ön xəttini “bağlaya” bildik. İkinci yarıda da fürsətlərimiz çox oldu. Ən əsası odur ki, istifadə edib vacib qələbə qazandıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın üzvü Qara Qarayev deyib. Yarımmüdafiəçi matçdan sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

– İlk yarıda “Neftçi”nin üstünlüyü var idi. Belə olacağını gözləyirdiniz?
– Məncə, üstünlük bizdə idi. Həm qapıya vurulan zərbələrdə, həm də real qol imkanlarında rəqibi üstələmişdik. Sadəcə olaraq, birinci hissədə bəlkə də “Neftçi” müəyyən dəqiqələrdə istəyinə nail ola bilirdi. İkinci yarıda bunun tamamilə qarşısını kəsdik. İlk yarıda da qələbəni haqq edən biz idik.

– Müəyyən dəqiqələrdə gərginlik pik həddə çatırdı…
– Normaldır da, inkişaf etmək istəyiriksə, mütləq rəqabət olmalıdı. Emin Mahmudovla Marko Veşoviç, Şahruddin Məhəmmədəliyevlə Voyislav Stankoviç, Eddi İsrafilovla Filip Ozobiç oyun bitən kimi əl verib görüşdülər. Bu, həm “Neftçi”, həm “Qarabağ”a yaraşan jest idi.

– “Neftçi” üzərində qazandığınız qələbə çempionluq mübarizəsinə aydınlıq gətirdi?
– Qətiyyən belə düşünmürəm. Növbəti oyunlara daha ciddi olmalıyıq. Rəqiblər “Neftçi”yə qalib gəldiyimizi bilərək, bizə qarşı daha çox motivasiyalı olacaq. “Neftçi” revanş almaq üçün əlindən gələn bütün imkanları istifadə edəcək. Çempionat hələ indi başlayır. Bu gün mənim üçün xoş gün idi. “Neftçi”yə qarşı belə oyunlar ötrü darıxmışdım. Belə oyunların, rəqabətlərin sayı çox olsa, tez inkişaf edərəik.

– “Olimpiakos”la səfər görüşü barədə nə düşünürsünüz?
– “Neftçi” ilə oyuna qədər heç nə düşünməmişdik. Baş məşqçimiz yəqin sabahdan etibarən “Olimpiakos” haqda fikirlərini deyəcək. Düşünürəm ki, bizi çətin səfər oyunu gözləyir. “Olimpiakos” öz azarkeşləri qarşısında oynayacaq. Aqressiv komandadı, çılğın azarkeşləri var. Bu detalları bilirik. Oyun planında hansı üstünlüklərə malik olduqlarını sabahdan biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43