26 İyul 2026
Ölkə futbolu

“Orada penaltidən söhbət gedə bilməzdi” – “Kəpəz”in kapitanı

“Hər iki komanda üçün ağır oyun oldu. Təəssüf ki, son dəqiqələrə yaxın qol buraxdıq və qələbəni əldən verdik. Çox oyunlarda belə olub. Bir çox xallar əlimizdən gedib. Əgər onlar olmasaydı, bu gün turnir cədvəlində fərqli yerdə olardıq. Ancaq bu da futbolun gözəlliyidir. Hamımız səhv edirik, cəzasını da özümüz çəkirik”.

Bu sözləri idmanxeber.az saytına “Kəpəz”in kapitanı Yusif Nəbiyev “Zirə” oyunu (1:1) barədə danışarkən deyib. O, meydançanın durumu haqda da fikirlərini bildirib:

“Meydanın vəziyyəti göz önündədir. Biz də davamlı burada oynamırıq. Oyundan bir gün öncə rəqiblər kimi məşq edirik. Onlara necədirsə, bizə də elədi”.

Kapitan “Kəpəz”in qapısına təyin edilən penaltinin düzgün qərar olmadığını vurğulayıb:

“Orada penaltidən söhbət gedə bilməz. Bundan öncəki “Sabah” matçında da qapımıza təyin edilən penalti doğru qərar deyildi. Orada  top ayaqdan ələ gəlmişdi. Bu epizodlara VAR-da oturanlar baxmalıdır. Bizim əlimizdən bir şey gəlmir. Bir az danışan kimi də, dərhal sarı vərəqə göstərirlər”.

Nəbiyev Azərbaycan milli komandasına dəvət gözləyib-gözləməməsinə isə münasibət bildirib:

“Mövsümün əvvəlindən oynayıram. Hər keçən gün daha da inkişaf etmək istəyirəm. Millidən təklif gəlsə, sevinərəm. Olmasa da dünyanın sonu deyil. Həvəsdən düşən deyiləm. Yaşım o qədər də çox deyil, gələcəyə baxıram”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43