Ölkə futbolu

“Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşırlar” – Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəöstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. “Neftçi”yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. “Neftçi” kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” oyunu sonrası deyib. O, daha sonra Avropa Liqası pley-off mərəhələsindəki rəqibi “Braqa” barədə danışıb:

“Çox maraqlanmadım. Bu gün fikrim “Neftçi” ilə oyunda idi. Çox az məlumat topladım. Potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına ciddi vəzifə qoyub. Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ qarşıda 1-2 ay vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək”.

Qurbanov qarşıdakı “Zirə” oyunu barədə də danışıb:

“Çətinlik barədə düşünmürəm. Gərginlik, yorğunluq ola bilər. Amma çətinlik haqda düşünmürəm. İlin sonudur. Dünən futbolçuların oynadıqları oyunlarına sayına baxırdıq, 30-31 matçdır. Hələ millidə oynayanlar əlavə 4-5 matça çıxıblar. Bu, ümumi fiziki yorğunluq, həm də psixoloji yorğunluq, gərginlik yaradır. Bu gün də şahidi olduq. Sanki hazırda bir az gücümüz azalıb. Bizdən gözləntilər çoxdur. Futbolçular məsuliyyətlidir. Gediş-gəliş, yol, süni örtük… Bu, futbolçuların hazırlığına problem yarada bilər. Amma ilk deyil. Tovuza gedib, sonra gəlib oyun oynamışıq. Avropada oynayıb, bütün gecəni yolda olub, qayıdıb oynamışıq. Peşəkar klubuq. Bu epizodlara çətinlik kimi baxsaq, uduzarıq. Əksinə, çalışırıq ki, futbolçular yaxşı motivasiya ilə kubok və çempionat oyununuda özlərini hazır etsinlər”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43