“Qəbələ” – “Qarabağ” oyununda yaşanan hakim biabırçılığının ardından daha bir söz-söhbətli görüş Azərbaycan II Liqası matçında baş verib. Çempionatın IV turunda “Ağdaş”ın doğma meydanda “Lerik”i qəbul etdiyi matçda baş hakim Rauf Allahverdiyevin qərarları iki tərəfi də özündən çıxarıb. Premyer Liqa təcrübəsi olan ədalət təmsilçisi yarıpeşəkar statuslu oyunun belə öhdəsindən gələ bilməyib.
Baş hakim oyunun ikinci hissəsində idarəetməni tamamı ilə itirib. Allahverdiyevin Qəbələdə həmkarı Elçin Məsiyevin biabırçı xətasını təkrarlaması isə bardağı daşıran son damla olub. O, ev sahibi komandanın potensial qol təhlükəsi olan epizodunu saxlayaraq mərkəzdə onların lehinə qayda pozuntusu qeyd alıb. Bu isə yerli tərəfdaları özündən çıxarıb.
Bunun ardından referi tamamən oyunu əldən buraxıb. O, əvvəlcə ev sahibi komandanın futbolçusu Taryel Zeynalovu ikinci “sarı”dan meydandan qovub. Daha sonra isə Allahverdiyev kim üstünə möhkəm qışqırsa, onun lehinə foul verməyə başlayıb.
Nəticədə görüşün sonlarında “Ağdaş”ın lehinə mübahisəli penalti təyin etməklə bu səfər də “Lerik” tərəfinin təpkisinə məruz qalıb. O, oyunun sonunda polislərin köməyi ilə meydançanı tərk edib. Qarşılaşmanın ardından hər iki klub da Rauf Allahverdiyevin performansından narazı qalıb və bu barədə matçın hakim-inspektoru Rövşən Əhmədova şikayət ediblər.
Oyun qolsuz bərabərliklə sona çatıb.
Elnur

