Ölkə futbolu

“Qəbələ” asanlıqla qol buraxan komanda deyil” – Qurban Qurbanov

“Bizim üçün çox vacib oyun idi. Şükürlər olsun ki, çox vacib 3 xal əldə etdik. Aktiv və aqressiv bir komandaya qarşı oynayırdıq. Sona kimi mübarizə getdi. İlk hissənin ortalarına kimi oyuna istədiyimiz kimi nəzarət edə bilmirdik. Get-gedə oyunu elə ala bildik. Xeyli sayda qol epizodlarımız oldu. Futbolçular sona kimi oyundan qopmadılar. Bizim üçün çox faydalı bir oyun oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Oyunlardan öncə heç vaxt hesab barədə düşünmürük. Bizim üçün 90 dəqiqə oyun intizamını qoruyub-saxlamaq vacibdir. Belə olan halda qapında qol görmürsən. Əksinə, rəqib üzərində təzyiq yaradırsan. “Qəbələ” asanlıqla qol buraxan komanda deyil. Hücumda oynamağı daha çox xoşlayırlar. Belə hesab gözləmirik. Əlbəttə istəyirik. Hər qol komanda üçün inam verir. 1:0, 2:0 sürüşkən hesabdır. Bizim üçün qələbə vacib idi. Doğru deyirsiniz, “Qəbələ” son vaxtlar yüksəlişdə idi. Mənim üçün vacib olan düşündüklərimizi meydanda yerinə yetirmək idi”.

Qurbanov Minifutbol Federasiyanın fəxri prezidenti Orxan Məmmədovun Premyer Liqa klublarının minifutbol komandalarının ola biləcəyi açıqlamasına da mübasibət bildirib:

“Maraqlı təklifdi. Orxan müəllim son vaxtlar Azərbaycan futbolunda qeyri-adi fikirlər irəli sürür. Sanki, futbolu sevdirmək üçün gözəl addımlar atır. Bu təklif də mənim üçün maraqlı oldu. İmkanım olsa, özüm də oynayaram. Amma hər bir halda, proqram tam hazır olduqdan sonra tam müzakirə etmək olar. Ümumilikdə maraqlı təklifdir. Bir neçə oyuna baxmışam. Hətta minifutbol yığmamız Avropa çempionu olanda bir neçə matçlarına baxdım. Çox böyük ajiotaj var idi. Bu cür turnirlər, oyunlar futbola marağı daha da artırır. Mən yox demərəm. İmkanım, gücüm olsa, özüm də oynayaram”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43