Müsahibə

Qara Qarayev: “Mənim düşüncələrim bir az qarışıqdır”

"Qarabağ"ın futbolçusu Qara Qarayev Gürcüstanda "Samtredia"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı müdafiəçi Tbilisiyə ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb…

– Oyunla bağlı fikirləriniz necədir?

– Səfərdə ağır olacağını bilirdik. Buna baxmayaraq, qələbə qazanaraq reytinq xalı əldə etmək istəyirdik. Bunu bacardıq. Danışılacaq çox şey yoxdur. Rəqibin meydandakı aqressiyası, məğlub olmamaq istəyi futbol adına xoş görüntü idi.

– İki oyunda da qalib gəlmək növbəti mərhələdə arxayınlıq yarada bilərmi?

– Öz adımdan danışsam, ən ciddi yanaşmalı olduğumuz mərhələyə keçdiyimizi düşünürəm. Bundan sonra hər addımımız bizi daha yaxşı uğurlara apara bilər. Düşünürəm ki, çox diqqətli olmalıyıq. Bugünkü qalibiyyətdən asılı olmayaraq, növbəti matça başqa motivasiya ilə çıxacağıq. Bütün oyunçulara da bunu tövsiyə edərdim.

– Rəqibin kim olmasının bir fərqi varmı?

– Mənim düşüncələrim bir az qarışıqdır. Bəzi insanların "Şerif” və "Kukesi” haqqında bəlkə də məlumatları azdır. Onları bizdən zəif komanda sayırlar. Elə düşünmürəm. Biz də bundan əvvəlki illərdə özümüzdən qat-qat güclü görünən rəqiblərə qalib gəlmişik. Fikirləşirəm ki, həmin cütün qalibi ilə ən çətin oyunlarımızdan birini keçirəcəyik.

– İkinci hissə başlayandan sonra rəqibə bir neçə qol şansı verdiniz…

– Bəzi epizodlarda adamları düzgün bölüşdürə bilmədik. Ancaq bu da normaldır. Rəqib öz meydanında oynayır, təzyiq edir. Yaxşı ki, istifadə edə bilmədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43