“Linkoln” “Qarabağ”a çətinlik yaradacaq komanda deyil. “Köhlən atlar”ın avrokuboklarda kifayət qədər təcrübəsi var. Bu mövsüm də bütün şanslarını sınayacaqlar. “Qarabağ” heyət baxımından zəifləsə də, ən pis halda Konfrans Liqasının qrupuna düşəcək”.
Bu sözləri idmanxeber.az saytına azərbaycanlı baş məşqçi Zaur Həşimov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Linkoln” – “Qarabağ” matçı barədə danışarkən deyib. O, Ağdam təmsilçisinin transferlərdə gecikib-gecikməməsinə belə münasibət bildirib:
“Bu, hər transfer dönəmində danışılan mövzudur. Bütün məşqçilər ölkəmizə səviyyəli legionerlərin gəlməməsindən şikayətlənir. “Qarabağ” da həmçinin. Yenə də, gecikirlər deməzdim. Sadəcə, Medinanın gedişi gözlənilməz oldu. Təbii ki, Musa Qurbanlının və Kevinin getməsi “Qarabağ” üçün itkidi. Xüsusən də kolombiyalını vurğulayardım. Ancaq unutmayaq ki, heyətdə Bəhlul Mustafazadə, Bədavi və Rahil Məmmədov kimi stoperlər var. Onlar da Medinanı əvəzləməyə qadir oyunçulardı”
Həşimov “Qarabağ”ın Çempionlar Liqası qrup mərhələsi şanslarını da dəyərləndirib:
“Detallı baxsaq, Ağdam təmsilçisinin ÇL-də qruplara düşə bilməməsi normaldı. “Qarabağ” 10 komandalı bir çempionatda mübarizə aparır. Türkiyə və ya başqa ölkələrdə liqada 20-dən çox komanda var. Ancaq onlar üçün də qruplara qalmamaq faciə sayılmır. Bu səbəbdən də “Qarabağ” Çempionlar Liqasında qruplara düşməsə, problem deyil”.
Həsən Quluzadə

