“Çempionatın ən güclü komandasına qarşı oynadıq. Öz meydanımızda son vaxtlar yaxşı təsir bağışlayırıq. Çalışırdıq ki, görüşdən minimum bir xalla ayrılaq. Ancaq epizodlarımız olsa da, alınmadı”.
Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın hücumçusu Amil Yunanov “Qarabağ” oyunu (0:1) barədə danışarkən deyib. O, komandanın pis mübarizə aparmadığını bildirib:
“Pis çıxış etmirik. Sadəcə, şansızlıqdan, təcrübəsizlikdən qollar buraxırıq. Gələn oyunlarda daha yaxşı olmağa çalışacağıq”.
Yunanov ilk hissədə “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili ilə üzbə-üz qaldığı epizoddan da danışıb. O, həmin epizodda qayda pozundusu olduğunu bildirib:
“Orada penalti var idi. Açığı, hakimin penaltini təyin edəcəyini gözlədim. Ancaq nədənsə verilmədi. Qapıçı mənə toxunmuşdu. Penalti ayrı necə olur? Niyə təyin etmədilər başa düşmədim”.
30 yaşlı hücumçu qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəklərini bildirib:
“Bizim rəqiblərimiz “Kəpəz”lə “Sumqayıt” son oyunda qələbə qazandılar. Bizlə “Səbail” hazırda son sıralardayıq. Çalışıb vəziyyəti düzəltməliyik. Premyer Liqanı tərk edən komanda biz olmayacağıq”.

