14 İyul 2026
Müsahibə

“Qəbələ”nin yeni transferi: “Qəbələnin dağları çox xoşuma gəlir” – MÜSAHİBƏ

“Qəbələ”nin yeni transferi Deyv Bultyuz İdmanxeber.com saytına müsahibə verib.
O, müsahibəsində “Yagelloniya” ilə matçı dəyərləndirib və Azərbaycan haqqında danışıb. 


– David, öncə “Yagelloniya ilə matç haqqında fikirlərini bildirərdin… 

– Düşünürəm ki, bu oyunda qalib gəlmək üçün kifayət qədər şansımız var idi. Ancaq rəqib də asanlıqla təslim olmaq niyyətində deyildi. Xeyli təhlükəli epizodlar yaradırdı, qol vurmaq şansları əldə edirdi. Məncə, cavab oyununda daha kompakt oynamalıyıq. O zaman qalib gələ bilərik. Çünki ilk oyun göstərdi ki, sıx oynamasaq, tez-tez top itirə bilərik və bu da rəqibin sürətli hücumlar təşkil etməsinə zəmin yaradacaq. Biz “Yagelloniya”dan daha güclüyük. Cavab matçında rəqibi topsuz qoymalıyıq.


– Komandaya uyğunlaşmaqda çətinlik yaşadınmı? 

Komandaya yeni gələndə belə hallar baş verir. Bu, normaldı. Ancaq artıq hər şey qaydasındadı. Mən komanda yoldaşlarımın yanında olanda özümü ailəmdəki kimi hiss edirəm. Düşündüyümdən də tez uyğunlaşa bildim. Ümid edirəm ki, bu ailə ilə uğurlar əldə edəcəyik.


– “Yagelloniya” ilə matçda standart vəziyyət zamanı meydana daxil oldun və qol da vura bilərdin, amma alınmadı. Nə baş verdi? 

– Həmin anda topa ilk toxunuşum idi. Lakin o da qeyri-dəqiq alındı. Məncə, meydanda olduğum müddət ərzində nə edə biləcəyimi göstərə bildim. Cavab oyununda daha uzun müddət oynaya, özümü yaxşı tərəfdən göstərə bilərəm. Çünki qalib gəlmək, uğur qazanmaq istəyirəm. Cavab oyunu üçün daha çox çalışmalıyam və komandama xeyir verməliyəm. 


– Səncə, cavab oyununda baş məşqçi sənə 90 dəqiqə şans verəcəkmi? 

– Mən komandaya yeni qoşulmuşdum və az məşq etmişdim. Bu səbəbdən ilk oyunda meydana sonlarda daxil oldum. Özünüz də bilirsiz ki, məşq etmədən oynamaq mümkün deyil. Düşünürəm ki, cavab matçında qədər daha çox hazırlaşsam ola bilər cavab matçında meydana əsas heyətdə daxil olum. Bu, baş məşqçidən asılı məsələdi. 


– Qəbələdə olmusanmı?

 – Hələ ki, Qəbələdə olmamışam. Çünki komanda Avstriyadan birbaşa Bakıya gəlib və oteldə məskunlaşıb. Biz də oteldən məşqə, məşqdən otelə yollanırıq. Bakını hələ tam gəzə bilməmişəm. 


– Bəs “Qəbələ” klubundan təklif gələndə Azərbaycan, Qəbələ haqqında maraqlandın? Ümumiyyətlə bəyənmisənmi ölkəmizi?

 – Əlbəttə. “Qəbələ”dən mənə təklif gələndən sonra həm Qəbələ, həm də Azərbaycan haqqında “google”da, “youtube”da axtarışlar etmişəm. Qəbələ şəhəri çox sakit yerdir. Dağları çox xoşuma gəlir və orada olmağı səbirsizliklə gözləyirəm. Gəzməli-görməli yerləri çoxdu. Bakıda isə düşündüyümdən də çox turist var. Artıq Bakıda bəzi yerləri gəzmişəm. Çox xoşuma gəlir. 


– Nürnberq və Bakı arasındakı fərq nədi? Komandanı dəyişən zaman çətinlik yaşadınmı?

– Hələlik bu suala cavab verməyə tələsməyək. Çünki Bakını hələ yaxşıca gəzməmişəm. Amma “youtube”da gördüyüm qədərilə gözəl ölkəniz var.


– “Qəbələ”nin növbəti mərhələyə yüksəlmək şanslarını necə dəyərləndirirsən?

– Bayaq dediyim kimi, biz “Yagelloniya”dan daha güclüyük. Onlardan daha üstün oyun nümayiş etdiririk. Düşünürəm ki, cavab matçında qalib gələ bilərik. Qalib gəlməyimiz üçün əlimdən gələnin 100 faizini yerinə yetirəcəyəm.


 İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43