Müsahibə

Qurban Qurbanov: “Sabah ən yaxşı oyunumuzu oynamalıyıq”

Sabah UEFA Millətlər Liqasın Farer adalarının qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyundan öncə mətbuat konfransı keçirib. O, bütün gücləri ilə bu oyuna hazırlaşdıqlarını bildirib:

“Düşünürəm ki, danışmaqdan daha çox sabah meydanda iş görməliyik. Rəqibi kifayət qədər analiz etmişik. Ümid edirəm ki, hər şeyt istədiyimiz kimi olacaq”.

-Yağış səbəbindən meydanın vəziyyəti çox da ideal deyil. Bu bizim oyunumuza nə qədər təsir edəcək ?

-Açığı, hava şəraitinin bizim üçün problem olacağına inanmıram. Hər iki komanda eyni şəraitdə mübarizə aparacaq. Ancaq meydanın vəziyyəti standartlardan uzaqdır. Təbii ki, müəyyən mənada təsir edəcək. Ancaq hər şeyə rəğmən sabah maksimum gücümüzü qoyub, nəticə qazanmaq üçün oynayacayıq.

-Az öncə rəqib komandanın baş məşqçisi bizim üçün yol yorğunluğunun olacağını bildirdi. Siz nə düşünürsünüz, sabahkı oyunda bu amil komandanın oyununa pis təsir edə bilər ?

-Təbii ki, çox uzun səfərə gəlmişik. Ancaq biz bütün bunları yaddan çıxarıb oyuna köklənmişik. Sabah ən yaxşı oyunumuzu oynamalıyıq.

-Millətlər Liqasında komandamız qol qıtlığı yaşayır. Qol ümidimiz Ramil Şeydayev isə çıxış etdiyi klubda forma şansı qazana bilmir. Bu səbəbdən Rüfət Dadaşovu sabah start heyətdə görə bilərik ?

-Heyətlə bağlı tam qərarımı verməmişəm. Rüfət Dadaşov bizimlə cəmi iki məşq edib.  Oyunçular haqında heç bir problemin olduğunu düşünmürəm. Hamımız oyuna hazırlaşırıq. Və sabah buradan yaxşı nəticə ilə qayıtmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43