Misli Premyer Liqasının XII turunda “Sabah” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. “Sabah”da Zinəddin Uld Xaled, Pavol Şafranko, Neqoş Kupusoviç və Boyan Letiçin zədə səbəbindən “Şamaxı”ya qarşı oynamayacaqları dəqiqdir. Akim Zedadkanın meydana çıxıb-çıxmayacağı isə hələlik bilinmir.
“Şamaxı”da da itkilər var. Karim Rossi cəzalı duruma düşdüyü üçün komandaya kömək edə bilməyəcək. Andrey Tirkiveanu isə zədə səbəbindən oyunu kənardan izləyəcək.
“Sabah” – “Şamaxı” görüşü noyabrın 23-də “Bank Respublika Arena”da keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.

