Ölkə futbolu

Sadıq Sadıqov idman mediasına qarşı qalxdı: ilk hədəf məlumdu

Bakının “Neftçi” futbol klubunu prezidenti Sadıq Sadıqov “Sport Favorit” qəzetini  məhkəməyə verib.

Sadıq Sadıqov Nəsimi Rayon Məhkəməsinə göndərdiyi şikayət ərizəsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib. “Neftçi”nin prezidenti şərəf və ləyaqətinə dəyən ziyanın müqabilində qəzetdən 100 min manat təzminat tələb edir.

Bu barədə virtualaz.org-a açıqlama verən “Sport Favorit” qəzetinin baş redaktoru İlkin Vaqifoğlu bildirdi ki, məhkəmənin ilk iclası dekabrın 2-də olacaq və işə hakim Şahin Abdullayev baxacaq. Baş redaktor onu da bildirdi ki, hələlik vəkil tuta bilməyib.

İdman nəşrinin məhkəməyə verilməsinin səbəblərinə gəlincə isə İlkin Vaqifoğlu Sadıq Sadıqovu qəzetdə “Neftçi” ilə bağlı gedən tənqidi yazıların qıcıqlandırdığını bildirdi: “Biz qəzetdə “Neftçi” ilə bağlı tənqidi yazılara yer vermişik. Komandadakı maliyyə yeyintilərindən, futbolçu transferləri vaxtı mənimsənilən vəsaitdən yazmağımız “Neftçi” rəhbərliyini qane etməyib. Ona görə də qəzeti məhkəməyə veriblər. Bu yaxınlarda “Jurnalistlərin dostu” mükafatını alan prezident İlham Əliyev mətbuata müraciət edərək  jurnalistləri korrupsiya ilə mübarizədə fəal olmağa səslədi. Biz də idman sahəsində olan korrupsiyadan yazırıq. Görünür, bu da kimlərisə qane etmir. Ona görə də idman mətbuatını məhkəmələrlə susdurmaq istəyirlər”.

Xatırladaq ki, S.Sadıqov AFFA prezidenti Rövnəq Abdullayevin yaxın qohumu və sağ əlidir. Görünür, ona elə gəlir ki, bu status bildiyini eləmək, həqiqəti (“Neftçi”də yazılası həqiqi əhvalatlar isə həddən artıq çoxdur və ölkə mətbuatı, o cümlədən virtualaz.org saytı bu barədə zaman-zaman yazıb) yazanları isə əzmək üçün yetərlidir….

Prosesi diqqətdə saxlayacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43