Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 15-də “Qarabağ”ın qonağı olacaq “Slovan”ın baş məşqçisi müsahibə verib.
İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, o, Ağdam təmsilçisi ilə keçiriləcək görüşdən və digər məqamlardan danışıb.
– Kapitan Lukaş Pokorni zədələnərək, sıradan çıxıb. “Qarabağ”la görüşdə onu kim əvəzləyəcək?
– Təbii ki, onun yoxluğu bizim üçün ciddi itkidi. Pokorni kapitanımız olmaqla yanaşı, etibarlı mərkəz müdafiəçimizdi. Buna görə də, onun yoxluğu bizə problem yarada bilər. Mən “Slovan”a baş məşqçi gələndən Lukaş, demək olar ki, hər oyunda əsas heyətdə yer alıb. Amma nə etmək olar? Futbolda zədələr qaçılmazdı.
– Pokorninin əvəzinə Martin Latkanın əsas heyətdə yer alması mümkündü?
– Bu, düşündüyümüz mümkün variantlardan biridi. Pokorninin yoxluğu ən çox o baxımdan zərbə oldu ki, o, bizim sol ayağı işlək olan yeganə mərkəz müdafiəçimizdi. Ancaq məşqlərdə Latkanı həmin mövqedə oynatdıq. Bəli, ən real variantlardan biri məhz Latkanın meydana çıxmasıdı.
– Bəs “Qarabağ”la görüşə kapitan sarğısını kim daşıyacaq?
– Komandanın ikinci kapitanı Milan Baroşdu. Odu ki, Pokorninin yoxluğunda kapitan sarğısını o, daşıyacaq. Alternativ variant görmürəm.
– İstənilən halda, Pokorninin yoxluğu müdafiədəki balansı poza bilər…
– Onun yoxluğu ilk növbədə, müdafiə xəttinə zərbədi. Pokorni müdafiənin mərkəzində Devid Novorka ilə birlikdə yaxşı tandem təşkil edir. Onlar birlikdə təxminən 80 oyun keçiriblər. Digər tərəfdən isə Pokorninin diaqnozunun gözlədiyimizdən yaxşı çıxmasına sevinirəm. Yaxşı ki, vaxtında Martin Latkanı komandaya gətirdik.
– “Qarabağ” barədə hansı fikirdəsiz?
– Rəqibin avrokubokda keçirdiyi əvvəlki görüşlərin hamısına baxdıq. Ancaq daha çox “Viktoriya” ilə oyunlarının üzərində dayandıq, həmin görüşlər barədə ətraflı danışdıq. “Qarabağ” irəli xətdə ağıllı oyunçulara sahibdi. Bunu “Viktoriya”nın məşqçiləri də etiraf edirlər. Topla çox ağıllı davranırlar. Təkbətək mübarizələrdə rəqib oyunçuları asanlıqla aldatmaq gücündədilər. Bir sözlə, “Qarabağ”ın futbolçuları daha çox oyuna nəzarəti ələ keçirmək məqsədi ilə meydana çıxırlar.
– “Qarabağ”ın üstün cəhətləri sırasında sürətli oynamasını da göstərmişdiz…
– Onlarla oyuna ciddiyyətlə hazırlaşırıq. “Qarabağ”, doğrudan da, yaxşı komandadı. Bunu “Viktoriya” ilə matçlarda göstərdilər. “Qarabağ” çox keyfiyyətli futbolçulara sahibdi. Burda əsas məsələ odu ki, onlara qarşı siz necə oynayırsız? Əgər topu itirmirsizsə, onu özünüzdə saxlaya bilirsizsə, rəqibin sürəti qorxulu deyil. Martin Latka çox təcrübəlidi. O, müdafiədən oyunu təşkil edə bilər.
– “Slaviya” ilə çempionat oyununuz bazar ertəsinə keçirilib…
– Bu, bizim üçün müsbət məqamdı. Azərbaycana uzun səfər edirik. Ordan qayıtdıqdan sonra bazar günü yenidən meydana çıxmağı təsəvvür edə bilmirəm. Odu ki, verilən qərar düzgündü.

