Ölkə futbolu

Tahir Süleymanov: “Kababınızı yeyin, çayınızı için və 0:8-ə feyziyab olun”

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov sözügedən klubda baş verənlərə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, özünün “Facebook” hesabından bunları yazıb:

“Məsləhət görürlər ki, Müşahidə Şuraları 3 aydan bir yığışmalı, qlobal məsələləri həll etməlidi. Deməli, havadarlar tərəfindən göndərilən “icraçıların” , qlobal işlər görərək, 0-8 biabırçılığı baş verənə qədər gözləməlidirlər…

“Neftçi”də məlum qərarlardan sonra qəribə açıqlamalar baş verir. Çingiz Abdullayev müşahıdə etməkdə davam etməliymiş…

Əvəzolunmaz kadr siyasətinin “məhsulu” olan icraçı direktorun göndərilməsi, kənarlaşdırılması təşviş doğurub və ideoloqların yuxusuna haram qatıb. “Neftçi”nin Müşahidə Şurası kimlərəsə sərf etmir artıq. Hörmətli Müşahidə Şurası, sizə məsləhət görülüb ki, 3 aydan bir stadiona gəlin, kababınızı yeyin, çayınızı için 0-8-ə feyziyab olun və gedin. Bank imza sənədlərinə məsul(!), prezident səlahiyyətlərini yerinə yetirən icraçı direktorun işinə qarışmayın. Min əziyyətlə qurulmuş “sistemi” pozub milləti oyatmayın. Havadarlar çox narahatdı. Olmaz belə.

Artıq Müşahidə Şurası, daha doğrusu Çingiz Abdullayev sərf etmir. İcraçı direktor və klubda gedən proseslər ifşa olunmamalıydı…

P.S. Çingiz Abdullayevə “məsləhət” verənlər divizon klubunun Müşahidə Şurasının sədrinə də 3 aydan bir stadiona gedib qlobal məsələlərin həlli ilə məşğul olmağı məsləhət verə biləcəklərmi?! O klubda da icraçı direktor var axı…

Düşünmək sizdən, müşahidə etmək bizdən.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43