“Klub rəhbərliyi tərəfindən mənim namizədliyim verilib. Seçilməyimlə bağlı nəsə deyə bilmərəm. Çünki hər şey səsvermədə məlum olacaq”.
İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülən “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
T.Nadirov namizədliyinin AFFA üçün də gözlənilməz olduğunu bildirib: “Namizədlərin hamısı hörmətli adamlardır. Hər klubun namizəd vermək hüququ var. Biz öz hüququmuzdan istifadə etmişik. Konfrans iştirakçıları kimə səs versə, o da seçiləcək. Dünən namizədlik vermək üçün son gün idi. Düzü, AFFA üçün də gözlənilməz oldu”.
Xatırladaq ki, Tuyqun Nadirov Peşəkar Futbol Liqasına ayrılan 4 yerə 5 namizəddən biridir. Digər namizədlər qismində Rauf Əliyev (AZAL), Vaqif Sadıqov (“Sumqayıt”), Elşad Nəsirov (“Neftçi”) və Qurban Qurbanov (“Qarabağ”) qeydiyyatdan keçib.