Ölkə futbolu

“Üç gündən bir oynamaq çətindir” –  “Qəbələ”nin futbolçusu

“İlk hissə oyunun nəzarəti tam olaraq bizdə idi. Hücumlarda, oyun epizodlarında üstün tərəf bizdik. Hər şey qaydasında getdi. İkinci hissə isə bir az yorğunçuluq oldu. Məncə, normaldır. Çətin kubok oyunundan çıxmışdıq. Belə olacağı bəlli idi. Əsas odur ki, qələbə qazana bildik”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin müdafiəçisi Murad Musayev “Səbail” görüşü (4:2) sonrası deyib. O, hesab 3:0 olandan sonra komandada arxayınlıq yaranmadığını bildirib:

“Oyunun sonları çətin keçdi, rəqib iki qol vura bildi. Sırf yorğunluqla bağlı idi. Üç gündən bir oynamaq çətindir. Tez-tez Bakı-Qəbələ səfəri edirik, süni örtükdən təbii meydançaya keçirik. Bunlar hamısı komandaya təsir edir”.

Musayev son zamanlarda oyunlara əsas heyətdə başlamamasını belə şərh edib:

“Əslində 1-2-ci dövrənin oyunlarında stabil olaraq çıxış etmişəm. III dövrədə isə bir az fasiləylə oynadım. Bu da baş məşqçinin qərarıdır. Müəyyən taktiki gedişlər olur, ona uyğun qərar verilir. Belə hər şey qaydasındadı, performansımla bağlı problem yoxdur. Hazırda əsas məqsədimiz dördüncü pilləni qorumaqdır. Hamımız buna köklənmişik. Bunu da bacaracağımıza inanıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43