Ölkə futbolu

“Uduzanda səni tərifləmirlər” – Ayxan Abbasov

“Bizim üçün önəmli oyun idi. Kubokda məğlub olandan sonra futbolçuları bu oyuna kökləmək çətin idi. Qışdan bəri kuboka daha çox diqqət edirdik və final oynamaq istəyirdik. Şadam ki, qısa müddətdə komandam bugünkü oyuna köklənə bildi. Bu mövsüm bu komandanı məğlub edə bilməmişdik. Maraqlı, dinamik oyun alındı. Əsas odur ki, qorxmadıq. Bu gün standart vəziyyətlərdə epizodları yaxşı dəyərləndirdik. Mühüm xal idi. Həm yerimizi qorumaq, həm də elitada qalmaq adına vacib xal oldu. Bizdən də təcrübəli komandalar var ki, tutduğumuz yeri istəyir. Mövsümü burada – 6-cı sırada bitirə bilsək, xoş olar. Qarşıda çətin oyunlar var. 4 matç vacibdir. Azarkeşlərə və rəhbərliyə təşəkkür edirəm. Çətin gündə futbolçulara dəstək oldular. Qələbəni onlara həsr etmək olar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Zirə” oyunu (3:1) sonrası keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırb:

– Kubokda “Neftçi”yə qarşı da belə oynasaz, daha yaxşı olmazdı?
– Gəlin, bu oyunları qarışdırmayaq. Heç kim bilmir ki, biz “Neftçi” ilə oyuna necə hazırlaşmışdıq. Planların baş tutub-tutmaması var. Qınaqlar normaldır, bunu qəbul edirəm. Futbolun içində olanlar düzgün təhlillər aparır. 70 dəqiqəyə kimi bütün planlarımız düz gedirdi. Hücuma da çıxırdıq, çoxala bilməməyimiz isə rəqibdən asılı oldu. Futbolçular son dəqiqələrin yükünü daşıya bilmədilər. Bəzi mütəxəssislərin fikirlərini oxuyuram, mənə ağır gəlir. Onlar “Turan Tovuz”dan daha güclü komandada çalışıblar, nə o dedikləri hücum futbolunu görmüşük, eyni zamanda komandaları aşağı diviziona düşüb. Fikirlər normaldır, belə oynasaydıq, turu keçərdik. Deməli, belə oynamaq üçün yaxşı hazırlaşmaq lazımdır.

– Deyilənlər var ki, məğlubiyyət baş məşqçidən deyil, futbolçulardan asılıdır. İddialar var ki, oyunçular rəhbərliklə, sizlə yeni mövsüm üçün pul söhbətləri edir…
– Belə bir söhbət olmayıb. Biz futbolçuların üstünə çox gedə bilmərik. Bu oyunçular büdcəmiz bilinməyəndə gəlib oynayıblar. Şükür, indi heç nəyə etiraz etmirlər. Düzdür, bəzi futbolçularla danışıqlar aparmışıq, gözləmək istəyənlər var idi. Bunu normal qəbul etdik. Heç kimlə pul söhbəti olmayıb. Bu gün Natan Oduvanın adı çox çəkilir, amma meydanda ən yaxşılardan biri idi. Tək biz yox, biz və bizdən aşağı pillələrdə olanların bir şeyi çatmır – stabillik. Futbolçulardan razıyıq, böyük problemlərimiz yoxdur.

– “Zirə”ni ilk dəfə məğlub etməyi bacardız. “Turan Tovuz” getdikcə daha yaxşı oyun sərgiləyir. Bu, nə ilə bağlıdır?
– Yaxşı oyunlarımız olub. Futbolda belədir – bir oyun uduzanda zəif oyun müzakirə olunur. Sanki bir ildir pis oynayırıq. Amma bunlar normaldır. Uduzanda səni tərifləmirlər. Ümumi götürsək, yaxşı oyunlarımız daha çox olub. “Qəbələ”dən, “Neftçi”dən xallar almışıq, “Sabah”ı səfərdə məğlub etmişik. İkinci “beşlik”dəki komandalardan bircə “Sumqayıt”ın bizə qarşı üstünlüyü var. Zəif oyunlarımız da olub. Sirr odur ki, futbolçularımız bu gün kubokun stressini atdı. Futbolçuların həddindən artıq istəkli olması da oyuna mane olur. Yavaş-yavaş futbolçular bu stresslərə öyrəşəcəklər.

– Oduvanın adı “Neftçi” ilə hallanır…
– Bilmirəm, onunla söhbətimiz olub və mövsümün sonunu gözləməyə qərara gəlmişik. Biz təklifimizi etmişik. Dediyinə görə, heç bir klubdan təklifi yoxdur.

– “Neftçi”dən qisas almaq istəyirsiz?
– İstəyirik ki, fanatlarımızın önündə qalib gələk. Qisas fikrimiz yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43