Ölkə futbolu

“Çox çalışırıq, cəhd edirik, amma alınmır” – Rəşad Sadıqov

“Zirə” Misli Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”u qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb. Oyunun ardından komandnaın baş məşqçisi Rəşad Sadıqov qarşılaşma barədə fikirlərini bildirib:

“Oyunu şərh eləmək çox çətindir. Bu gün qələbəyə köklənmişdik. Lakin matçın startı bizim üçün yaxşı alınmadı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Birinci hissədə böyük üstünlüyə malik idik. Xeyli qol şanslarımız oldu. Amma təəssüflər olsun ki, üstünlüyümüzü nəticədə əks etdirə bilmədik.

“Birinci hissədə də, fasilədə də futbolçular çox gərgin idilər. Çalışırıq ki, maksimum dərəcədə onları sakitləşdirək, ikinci hissəyə kökləyək. Amma ikinci hissə də eyni cür başladı. Vurulan qol, sayılmayan qol, qarışıq vəziyyətlər və s. Nəticədə ardıcıl 2 qol gördük qapımızda. Halbuki oyunun gedişatı başqa cür də ola bilərdi. Rəqib bu gün nə zərbə endirdisə, hamısı qol oldu. Bilmirəm, bu, mənim məşqçi taleyimdir, ya komandanın qisməti, amma bu il belədir. Çox çalışırıq, cəhd edirik, amma alınmır. Bu mövsüm çox şanssızlıqlar yaşayırıq.

“Oyundan əvvəl meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik. Qismət Alıyev və Sərtan Taşkın cəzalı idi, Donald Geryə isə zədəli. Slavik Alxasov isə zəhərlənmişdi. Cəmi 15 dəqiqə bu gün ondan istifadə edə bildik. Məğlubiyyətlə barışıb, önümüzə baxmalıyıq. Qarşıda bizi daha 4 tur gözləyir”.

Sadıqov 4-cü pillədəki “Qəbələ”dən 6 xal geri düşmələrinin belə şərh edib: “Onsuz da bundan əvvəlki turda baş verən hadisələrdə böyük işarələr var idi. Biz 94-cü dəqiqədə 100 faizlik qol epizodundan yararlana bilmədik. “Qəbələ”nin isə 94-cü dəqiqədə qapısına endirilən zərbə dirəkdən qayıtdı. Komanda sona 3 saniyə qalmış qələbə qolu vurdu. Adətən bu cür hallar basketbolda olur ki, sona 2-3 saniyə qalmış fərqlənirsən. Bu cür məqamlar futbolçularda da basqı yaratmışdı. Bu tur “Qəbələ” ilə xal fərqini azaltmaq istəyirdik. Lakin alınmadı, əksinə, xal fərqi 6-ya çatdı. Yenə deyirəm, bu mövsüm ciddi şanssızlıq yaşayırıq. Yəqin ki, bunun səbəbləri var və onları axtarış tapmalıyıq”.

“Zirə”ni çalışdırıcı ilk hissədə Rəhim Sadıqovun vurduğu qolun hesaba alınmamasının səbəbini bilmədiyini söyləyib: “Qolun hesaba alınmamasını başa düşə bilmədim. Xətdə baxdım, diaqonal qoymuşdular. Anlaya bilmədim. Bunun bir açıqlaması olsa, çox yaxşı olardı. Əminəm ki, eyni epizod qapımızda yaşansaydı, qol hesaba alınacaqdı. Yaxud birinci penaltidə hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə vaxt getdi. Nə bilim… “Neftçi” ilə kubok oyunumuzda da Keyta 8 dəqiqə əlində topla gəzdi. Bu qədər VAR-a baxmazlar axı. 7-8 dəqiqə VAR-a baxmaq olar? Qolumuzun hesaba alınmamasını həqiqətən də anlaya bilmədim. Mənə elə gəldi ki, qol idi”.

R.Sadıqov komandasının ardıcıl 3 oyunda starndart vəziyyətdən sonra qol buraxmasına belə münasibət bildirib: “Oyun gedə-gedə də bu barədə düşünürdüm. Bəzən daha hücumameyilli futbolçuları meydan buraxırsan. Belədə standart vəziyyətlər zamanı çətinliklə üzləşmək ehtimalın yüksək olur. Bugünkü matçda məhz belə çətinliklə üzləşdik. Çünki meydandakı futbolçularımızdan yalnız bir-ikisi standart vəziyyətlər zamanı inamlı çıxış edə bilir. Amma bu qədər də yox da… Hesaba alınmayan qolu da nəzərə alsaq, 4 standart vəziyyətdən qapımızda 4 qol gördük”.

O, komandasının qaçırdığı penalti epizodunun oyunun qırılma anı olması fikri ilə razılaşmayıb: “Keytanın penalti qaçırması yox, məncə, oyunun qırılma nöqtəsi Rəhimin sayılmayan qolu idi. Eləcə də rəqibin hesaba alınmayan qol epizodunun deyə bilərəm. Həmin anda hakim fit verməmişdi, canlı sədd qurularkən rəqib oyuna başladı. Qəribədi ki, hakim də qolu əvvəlcə hesaba almışdı. Belə çıxır ki, VAR müdaxilə etməsəydi, o qol sayılacaqdı. Hakim həmin epizodda 3-5 dəqiqə onunla, bununla mübahisə etdi. Uduzmuşuq deyə bu məqamların üstündə çox dayanmaq istəmirəm. Kaş udardıq və o zaman bu barədə ətraflı danışardım. Məğlubiyyəti qəbul edirəm və rəqibi təbrik edirəm. “Turan Tovuz” bu gün yaxşı mübarizə apardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43