Ölkə futbolu

“Bizdəki VAR sistemi oyunların ədalətli keçməsi üçün deyil” – “Qəbələ”nin futbolçusu

“Fasilədən sonra çempionata yaxşı başlamadıq. Gəncədə ilk hissədə iki qol buraxsaq da, ikinci yarı toparlana bildik. “Sabah”la oyuna yaxşı başlamışdıq. Komanda pis mübarizə aparmırdı. Son iki görüşdə 5 qol buraxmışıq. Təbii ki, burada öz səhvlərimiz də var, bunların üzərində çalışmalıyıq”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin futbolçusu İlkin Qırtımov “Sabah” oyunu barədə danışarkən deyib. 32 yaşlı futbolçu “Kəpəz” və “Sabah” görüşlərindəki hakim idarəçiliyindən də danışıb. O, ötən mövsüm “qırmızı-qaralar”ın gözlənilmədən avrokuboklara qatılmasını vurğulayaraq belə davam edib:

“Ötən mövsüm çoxuna dağ çəkmişik. Hamısının bizə qarşı içi yanır. Görürük ki, hər şey hakimlərin planı üzrə gedir. VAR sistemi oyunun ədalətli keçməsi üçün yox, özlərinin işlərini rahatlatması üçün gətirilib. Renato Ruana verilən sarı vərəqəyə baxın. Onların futbolçusu da Asif Məmmədova qarşı kobud oynadı. Ancaq heç bir vərəqə göstərilmədi. Hətta “Sabah”ın baş məşqçisi belə həmin epizodda əli ilə başını tutmuşdu. VAR-a belə baxmadılar. Özlərinə sərf edəndə oyunu 2-3 dəqiqəyə saxlayırlar.

“Sabah”ın vurduğu ikinci qolda isə baş hakim Vüqar Həsənli yanımda yan xətt hakiminə “İlkinin “sarı”sı yoxdursa, indi verəcəm” deyir. Bilmirəm necə oyun aparırlar. İkinci qolda rəqib hava topuna qalxarkən, dirsəyi ilə blok qoyur. Heç maraqlanmırlar, baxmırlar.

Gəncədə qapımıza təyin edilən ilk penalti təmiz biabırçılıqdır. Elə penalti olmur. İkinciyə isə sözüm yoxdur, düzgün qərardır. Qısacası, bizdə VAR oyunun ədaləti keçməsi üçün deyil. Hər şeyə rəğmən, iki cəbhədə də mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik. Əslində belə daha da maraqlı olur”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43