Ölkə futbolu

Geryenin gördüyü “qırmızı” doğrudurmu? – türkiyəli hakim açıqladı

Misli Premyer Liqasının XX turu çəriçivəsində keçirilən “Neftçi” – “Zirə” matçında mübahisəli epizod yaşanıb.

Qarşılaşmanın 72-ci dəqiqəsində qonaqların cərimə meydançasında yaşanan bir epizodda Donald Geryenin əli “Neftçi”nin futbolçusu Mateus Saldanyanın üzünə dəyir. Bunun ardından görüşün yan xətt hakimi bayrağını havaya qaldıraraq braziliyalının oyundan kənar vəziyyətdə olduğunu bildirir.

Daha sonra VAR-dan gələn xəbərdarlıqla qarşılaşmanın baş hakimi Rəşad Əhmədov epizodu izləmək üçün monitora yaxınlaşır və Geryeyə ikinci sarı vərəqədən “qırmızı” göstərir.

Referinin epizodun ofsayd olmasına rəğmən verdiyi bu qərar kifayət qədər müzakirələrə səbəb olub. Belə ki,  adətən bu cür hallarda oyundan kənar vəziyyət qeydə alınırsa, hər hansı bir təmas və ya qayda pozuntusu ehtimalının qüvvədən düşdüyü bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün türkiyəli sabiq hakim Deniz Ateş Bitnellə əlaqə saxladıq. Sabiq FİFA referisi idmanxeber.az saytına verdiyi açıqlamada əl-qol hərəkətlərinin qaydadan kənar istifadə edilməsinin yolverilməz olduğunu bildirib:

“Əlin üzə təması var. Məncə, bilməyərək olan belə epizodlarda “sarı” və ya “qırmızı” verilməsi çox ağır qərardır. Ancaq qaydalar başqadır. Geryenin Saldanyanın üzünə olan təması oyun epizodu olaraq görülsə də, idmançıya yaraşmayan hərəkət kimi qiymətləndirilir. Belə epizdolarda UEFA da hakimlərdən bunu tələb edir. Öncəsində ofsayd olsa da, hakimin qərarı dəstəklənməlidir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43